Bu gün:

Mavi şəhərin əfsanəsi


Niyə Codpur Hindistanın "Mavi şəhəri" adlanır?

Codpur Hindistanın “Mavi şəhəri” adlanır və mavi rənglə bağlı bir neçə fərqli nəzəriyyə mövcuddur. Lakin bu ləqəbin necə və niyə yarandığına dair tarixi istinadlar və ya dəqiq bir izahat yoxdur.

Elə isə gəlin yayılan bir neçə nəzəriyyəyə birlikdə nəzər salaq:

Mavi rəngin Şiva ilə əlaqəsi

İnanılır ki, mavi rəng Lord Şiva ilə əlaqəlidir. “Samudra Manthan” vaxtı dünyanı xilas etmək üçün Lord Şiva “Halahala” adlanan dəhşətli zəhəri içib və bu zəhər onun bədənini mavi rəngə çevirib. O vaxtdan bəri Şivanın ardıcılları mavini ilahi rəng hesab edir və ona həsr olunaraq evlərini mavi rəngə boyayıblar.

Mavi rəng – sosial sinifin nişanı

Bildiyimiz kimi, ümumiyyətlə, Hindistanda mavi rəng suverenlik və güclə əlaqələndirilir. Codpurda isə, yerli əfsanələrə və turist bələdçilərinə görə, mavi rəngin kral rəngi olması evlərin mavi rəngə boyanmasının əsas səbəblərindən biridir. Brahmin cəmiyyəti evlərini mavi rəngə boyayaraq özlərini aşağı kasta icmalarından fərqləndirirdi. O dövrdə mavi rəng yalnız Brahminlərlə əlaqələndirilirdi. Hətta deyilir ki, kral Brahminləri ayinləri yerinə yetirmək üçün rənglər vasitəsilə digər insanlardan ayırd edə bilirdi.

Həşəratlara qarşı qoruma

Mavi rəngin seçilməsinin üçüncü maraqlı coğrafi səbəbi həşəratların uzaqlaşdırılmasıdır. İsti və yarı-quraq iqlim səbəbindən Codpur evləri il boyu həşəratların hücumuna məruz qalır. Bu həşəratlar bir çox tarixi binaların və evlərin divarlarını və strukturlarını məhv edir. Buna görə də bu narahatedici həşəratlardan qorunmaq üçün insanlar evlərini mavi rənglə boyayıb. Bu rəng mis sulfat və əhəng daşı qarışığından ibarətdir. Mis sulfat həşəratları uzaqlaşdırmaqla yanaşı, müəyyən şəraitdə mavi rəng alır və evlərə məşhur kral rəngini qazandırır.

Rahatlıq və sakitləşdirici rəng

Daha məntiqli səslənən başqa bir nəzəriyyə isə yay aylarının burada çox isti keçməsi ilə bağlıdır. Mavi rəng psixoloji olaraq ən sakitləşdirici təsirə malikdir və günəş şüalarını əks etdirir. Buna görə də evlərin mavi rəngə boyanması yay aylarında sakinlərin evlərini sərin saxlayır.

Codhpur mavi evləri, zəngin tarixi və maraqlı əfsanələri ilə Hindistanın ən fərqli şəhərlərindən biridir. Şəhərin mavi rənginin mənası və memarlığı ona xüsusi bir cazibə qatır. Codhpur həm estetikası, həm də mədəniyyəti ilə diqqət çəkən bir məkan olaraq hər ziyarətçini özünə heyran qoyur.

Mənbə: deccanodysseytrains.com

Tərcümə etdi: Arzu Qafarova 

Paylaş
Şərh əlavə et