
Ruhani inanclara görə, "aura" və ya "enerji sahəsi" insan bədənini və ya hər hansı bir heyvanı və ya hətta obyekti əhatə etdiyi deyilən rəngli bir emanasiyadır. Latın və qədim yunan dillərində "aura" sözü "külək", "meh" və ya "nəfəs" deməkdir. İngilis dilində "yüngül meh" mənasında istifadə olunurdu. "Radiant Human" adlı məşhur aura fotoqrafiyasının arxasında olan Portlendli rəssam Kristina Lonsdal bunu belə təsvir edib:
"İnsanlar olaraq biz elektromaqnit sahəsi olaraq da bilinən çox aşağı səviyyədə elektrik yayırıq."
Vedalar və Hindu kitabları kimi qədim tibb sistemləri bu enerjinin yeddi təbəqədə ifadə edildiyinə inanıblar. Hər təbəqənin fiziki, əqli, mənəvi və emosional sağlamlığınızın fərqli bir elementi ilə əlaqəli olduğu deyilib. Bu təbəqələrin bir-biri ilə əlaqədə ola biləcəyi və ümumi sağlamlığınıza təsir edə biləcəyi şəkildə düşünülüb. Yoqada iştirakçılar “aurik enerji qalxanı”na diqqət yetirməyə və ya gücləndirməyə çalışırlar. Yogilərə görə, “aurik enerji” anlayışı ruhanidir və metafizika ilə bağlıdır. Bəzi insanlar auranın ölümdən sonra insanın ruhunu daşıdığını düşünür. Digər ezoterik yanaşmalara görə, aura incə bədən kimi müəyyən edilib. Mediumlar və vahid tibb praktikləri tez-tez auranın ölçüsünü, rəngini və vibrasiya növünü görmək qabiliyyətinə sahib olduqlarını iddia ediblər. Alternativ mənəvi təbabətdə aura insanın varlıq vəziyyətini və sağlamlığını əks etdirən gizli anatomik hissə kimi nəzərdən keçirilir və tez-tez hətta "çakralar" adlanan "həyati güc mərkəzlərini" ehtiva etdiyi iddia edilir.
Ancaq bunların heç biri doğru deyil. Aura real deyil. Bu cür elmi görünən iddiaları dəstəkləmək üçün heç bir elmi dəlil yoxdur və buna görə də “yalançı elm” kateqoriyasına daxildir. Auraların mövcudluğu və ya auraları görmə qabiliyyəti bu günə qədər heç bir idarə olunan elmi təcrübədə sübuta yetirilməyib.
Mənbə: Evrim ağacı
Tərcümə etdi: Sona Osmanova
