Beynəlxalq bir araşdırma qrupu 37 iştirakçı ilə bir gün davam edən bir təcrübə həyata keçirdi. Təcrübədə iştirakçılardan təsadüfi sözləri mənfi görüntülərlə əlaqələndirmələri istəndi.
Daha sonra bu əlaqələrin bir hissəsini yenidən dəyişdirmək və pis xatirələrə təsir edərək onları aradan qaldırmaq məqsədi güddülər.
"Proceedings of the National Academy of Sciences" (PNAS) jurnalında dərc olunan araşdırma məqaləsində belə deyilir: "Bu prosedurun mənfi xatirələrin xatırlanmasını zəiflətdiyini və müsbət xatirələrin qeyri-ixtiyari şəkildə yaddaşda canlanmasını artırdığını gördük".
Təcrübədə insan yaralanmaları və ya təhlükəli heyvanlar kimi mənfi görüntülər, sakit təbiət mənzərələri və ya gülən uşaqlar kimi müsbət görüntülərlə müqayisə edildi.
Təcrübənin gedişi
Təcrübənin ilk günündə iştirakçılara mənfi görüntüləri xüsusi hazırlanmış mənasız sözlərlə əlaqələndirmək üçün yaddaş təlimi keçirildi. Növbəti gün isə bu xatirələr yuxu zamanı möhkəmləndirildi və sözlərin bir hissəsi müsbət görüntülərlə əlaqələndirilərək yenidən formalaşdırıldı.
İkinci gecə iştirakçıların yuxunun NREM (sürətli göz hərəkətləri olmayan) mərhələsində, yəni yaddaşın saxlanmasında əhəmiyyətli bir dövrdə olduqları zaman, mənasız sözlərin səs yazıları dinlədildi. Bu müddət ərzində beyin aktivliyi elektroensefaloqrafiya (EEG) ilə izlənildi.
Beyində emosional yaddaşın işlənməsi ilə bağlı olan teta dalğa aktivliyinin səsli yaddaş siqnalları zamanı artdığı və bu artımın müsbət siqnallarda daha güclü olduğu müşahidə edildi.
Növbəti gün və bir neçə gün sonra aparılan sorğularda iştirakçıların pis xatirələrin müsbət xatirələrlə qarışdığı halları xatırlamaqda daha az uğurlu olduqları aşkarlandı. Bu sözlərlə əlaqəli müsbət xatirələr, mənfi xatirələrə nisbətən daha tez xatırlandı və daha müsbət emosional dəyərləndirmə aldı.
Tədqiqatçılar qeyd etdilər ki, "Qeyri-invaziv bir yuxu müdaxiləsi mənfi xatirələri və emosional reaksiyaları dəyişdirə bilər. Nəticələrimiz travma və ya patoloji xatirələrin müalicəsi üçün yeni yanaşmalar təklif edə bilər".
Ümidverici olan bu araşdırma hələ öz başlanğıc mərhələsindədir. Real şərtlərdə daha mürəkkəb xatirələrin necə tənzimlənəcəyi və bu təsirlərin nə qədər davam edəcəyi ilə bağlı tədqiqatlar davam edir.
Mənbə: TRT HABER
Tərcümə etdi: Zeynəb Həsənova
