Bu gün:

“Deyirdi ki, lazım olsa, Füzulini alıb şəhid olaram” - MÜSAHİBƏ


24Media olaraq bu dəfə Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan kapitan Hüseynov Şahnur Şahin oğlunun anası Hədiyyə xanımla həmsöhbət olub onun hiss və düşüncələrini öyrənməyə çalışdıq.



"Səhər sübh namazına oyananda Şahnurla danışdıq. Əvvəl atası danışdı. Şahnur və ailəsi Beyləqanda kirayə qalırdılar. Atası ona dedi: "Gedək yoldaşını, övladını bura gətirək". Amma Şahnur bizə əziyyət olmasın deyə istəmirdi, qıymırdı ki, biz gedib bir də geri qayıdaq. Sonra mənlə danışdı, dedi: "Ana, atamdan muğayat ol, şəkəri, təzyiqi var. Özünə də yaxşı bax. Uşaqları sizə tapşırıram".

Sentyabrın 27-si saat 8-də evdən çıxdıq. Bir neçə saat keçəndən sonra atası ona zəng etdi. Şahnur dedi ki: "Narahat olmayın, ən ağır səddi yarmışıq, qıra-qıra gedirik. Dovşan balası kimi qorxub qaçırlar. Ən çox bir saata Füzulidə olarıq". Atası da sevindi. Beyləqana çatanda mənə ağlamaq, darıxmaq, sıxıntı hissləri gəldi. Ürəyim yandı, kürəyimə ağrısı vurdu. Yoldaşıma dedim: "Bəlkə bir Füzuliyə dəyib qayıdaq?" Dedi: "Ora getmək olmaz". Dedim: "Gedək Şahnurun yanına, sən ona yol göstərərsən, mən də yemək bişirərəm". Yoldaşım da güldü ki: "Uşaqları aparıb qoyaq, gələrik". Yuxum gəldi, yarım saatlıq yatdım. Elə bil səsi eşidirdim, ürəyim axırdı amma. Sən demə həmin an mənim Şahnurum, ciyər param, ürəyimin özəyi vurulubmuş. Uşaqları götürüb gəldik evə. Qohum əqraba tez-tez zəng vururdu. Qəlbimə şübhə dolmuşdu. Evə çatanda kəndə girdik, hamı bizə baxırdı. Mən əsgərlərin salamat olmalarına, düşmənə qalib gəlmələrinə görə hər gün 1000 salavat verirdim. Yoldaşım da namaz qılırdı. Birdən kimsə çağırdı. Mən də salavatı yarıda qoydum ki, görüm kimdir. Bir də gördüm, yoldaşım deyir ki: "Nə olub balama? Mənim Şahnuruma heç nə ola bilməz". Yıxılanda onu tutdular. Bundan sonra nə oldu heç nə yadımda deyil.

Şahnur özü necə gözəl idisə, xasiyyəti də elə idi. Özü necə tərbiyəli idisə, bacı-qardaşını da öz yolu ilə aparırdı. Biz onları nə döyməmişik, nə də acıqlanmamışıq. Çox məsuliyyətli idi. Namaz qılıb, oruc tutardı. Vətənpərvər idi. Həyatda hər şeyə çatmışdı. Gözəl övlad, gözəl ata, gözəl ailə başçısı idi. Amma Qarabağ hadisəsi ona dərd olmuşdu. Həmişə deyirdi: "Mənim torpağım düşmən tapdağı altındadır. Biz onu azad etməliyik. Lazım olsa, Füzulini alıb yolu açıb şəhid olaram". Mənə pis təsir edirdi bu söz. Deyirdi ki: "Ana, mən səni, atamı, yarımı, bacımı, qardaşımı, balamı sevməsəm vətənimi sevmərəm. Vətən mənim namusumdur, torpaq mənim qeyrətimdir". İndi bu sözləri beləcə də, onun baş daşına yazıblar... Amma mən onunla fəxr edirəm. Bu gün mən bütün şəhid analarının qarşısında bu yanar qəlbimlə baş əyirəm. Mən tək Şahnurun anası deyiləm, bütün şəhidlərin anasıyam. Allah qazilərimizə şəfa versin! Bütün şəhidlərimizə isə Allahdan rəhmət diləyirəm. Qəbrləri nurla dolsun, inşallah".

Paylaş
Şərh əlavə et