NASA Blue Ghost missiyası çərçivəsində Ayda istifadə üçün xüsusi olaraq hazırlanmış "elektrik süpürgəsi" göndərməyə hazırlaşır. Lunar PlanetVac (LPV) adlanan bu cihaz 1 santimetrə qədər olan Ay tozlarını toplayaraq nümunələri Yerə geri qaytaracaq. NASA-nın hazırladığı bu texnologiya, qarşıdakı həftələrdə həyata keçiriləcək Blue Ghost 1 missiyası vasitəsilə Ayın səthinə göndəriləcək.
Lunar PlanetVac (LPV) cihazı Firefly Aerospace tərəfindən hazırlanan Blue Ghost 1 adlı Ay endirmə aparatının daşıdığı NASA yüküdür. Bu cihazın əsas məqsədi, nümunə toplama və yerində analiz aparma sahəsində yeni yolları araşdırmaqdır.
Necə işləyəcək?
LPV cihazı Honeybee Robotics tərəfindən hazırlanıb və basınclı qazdan istifadə edərək Ay səthindəki tozları toplayır. Toz buludu pnevmatik reaktiv axınlar vasitəsilə ötürmə borusuna yönləndirilir və nümunə konteynerinə köçürülür. Bu texnologiya 1 santimetr ölçüsünə qədər olan Ay tozu hissəciklərini emal edə bilir.
Toplanan Ay torpağı daha sonra süzülür, konteynerdə şəkilləndirilir və nəticələr Yerə ötürülür. Bundan əlavə, cihaz Ay tozunun yapışqanlığını və qaz reaktivlərinin təmizləmə vasitəsi kimi effektivliyini sınaqdan keçirəcək.
Gələcəkdə astronavtlar tərəfindən istifadə edilə bilər. LPV cihazı tamamilə avtomatik şəkildə işləyir. Lakin gələcəkdəki Ay və ya Mars missiyalarında astronavtların nəzarəti altında da istifadə edilə bilər. Bu yanaşma səthdə mexaniki qazma üsullarına alternativ olaraq daha yenilikçi bir metod təqdim edir.
NASA-nın Marshall Kosmik Uçuş Mərkəzindəki Ticarət Ay Yük Xidmətləri (CLPS) proqramında LPV yükünü idarə edən Dennis Harris deyir:
“Bu cihaz səthi qazmır, xidmət və ya dəyişiklik tələb edə biləcək mexaniki bir qol istifadə etmir. O, elektrik süpürgəsi kimi fəaliyyət göstərir. CLPS yükündə istifadə olunan bu texnologiya, su, helium və digər resursların axtarılmasına töhfə verə bilər. Eyni zamanda, NASA və tərəfdaşlarına Ayda yaşayış məntəqələri və buraxılış platformaları tikmək üçün istifadə ediləcək materiallar haqqında daha dəqiq məlumat təqdim edə bilər. Bu texnologiya Günəş sisteminin tədqiqi prosesində həm elmi biliklərin artırılmasına, həm də praktiki araşdırmaların inkişafına töhfə verir".
Firefly Aerospace tərəfindən həyata keçirilən Blue Ghost 1 missiyası Florida Kennedy Kosmik Mərkəzindəki Launch Complex 39A platformasından SpaceX Falcon 9 raketi ilə buraxılacaq. Missiyanın Aya çatması təxminən 45 gün çəkəcək. Bu müddətin 25 günü Yer orbitində keçəcək və enişin martın əvvəlində reallaşması planlaşdırılır.
Mənbə: NTV
Tərcümə etdi: Nərgiz Orucova
