
Fikir versək, göz yaşı tökmək maraqlı bir hadisədir. Niyə ağlayırıq? Niyə göz yaşı tökməkdə kişilər və qadınlar fərqlidirlər?
Bütün araşdırmalar göstərib ki, qadınlar kişilərdən daha çox ağlayır. Psixoloq Viliam Frey ilə 1982-ci ildə aparılan araşdırma qadınların ayda orta hesabla 5.3, kişilərin isə ayda 1.3 dəfə ağladığını ortaya çıxarıb. Qadınların ağlaması ortalama 5-6 dəqiqə davam etdiyi halda, kişilərin ağlaması 2-3 dəqiqə ilə məhdudlaşdırılıb.
Hollandiyanın Tilberq Universitetinin psixoloqu Ad Vinqerhots göz yaşlarını araşdıran azsaylı alimlərdən biridir. Onun araşdırması da göstərib ki, ağlamada kişilər və qadınlar arasında fərq var və bu, uşaqlıq illərinə gedib çıxır.
Körpəlikdə ağlamağın cins fərqi yoxdur. Bütün körpələr eyni şəkildə ağlayır. Təkamülçü psixoloqlar deyiblər ki, uşaqları valideynlərinin diqqətini çəkmək üçün ağlayırlar.
Uşaqlıqdan yetkinliyə keçiddə cinslər arasında ağlama fərqinə səbəb olan nə baş verir? Bunda mədəniyyətin mühüm rol oynadığı bildirilib. Müxtəlif təşkilatların araşdırmaları göstərib ki, ağlamanın cəmiyyət tərəfindən qəbul edildiyi ölkələrdə insanlar daha çox ağlayırlar.
Vinqerhots ayrıca qeyd edib ki, daha zəngin ölkələrdə ağlama nisbətləri də artmaqdadır ki, bu da rifahın insanlara öz duyğularını daha yaxşı ifadə etmək imkan verdiyinin göstəricisidir.
Amma Vinqerhotsa görə, kişilərin ağlamasını məhdudlaşdıran həm yalnız sosial formalaşdırma deyil, həm də testosterondur. O deyib ki, prostat xəstəliyini müalicə etmək üçün testosteron səviyyəsini aşağı salan dərmanlardan istifadə edən kişilər daha çox ağlayır.
İnsanlar emosional səbəblərdən ağlayan canlı varlıqlardır - fillərin yas tutanda da ağladığı iddiaları sübuta yetirilməyib. Nə üçün ağladığımızla bağlı çox araşdırma aparılmır.
Başqa sözlə, biz insanlar niyə ağladığımızı bilmirik, bunun səbəbi fiziki ağrı, emosional travma və ya xoşbəxtlikdir. İnsanlar sosial varlıqlar olduğundan, bəlkə də bu, daxili emosional vəziyyətini ifadə etmək üsuludur.
Mənbə: Evrimağacı
Tərcümə etdi: Sona Osmanova
