
Həmzə Bendler İnterpol tərəfindən dünyanın ən çox axtarılan şəxsləri siyahısına daxil edilən bir kibercinayətkardır. Onun hekayəsi 217 banka və maliyyə qurumlarının sistemlərinə daxil olaraq milyonlarla dollar oğurlamasını və bu pulları Fələstin və Afrikaya göndərdiyi iddialarını əhatə edir. Bir çoxlarına görə Həmzə müasir Robin Hud adını haqq edir.
Uşaqlıq və təhsili
Həmzə 1988-ci ildə Əlcəzairin Tizi Uzu şəhərində sadə bir ailədə dünyaya gəlib. O, uşaqlığından bəri kompüter sahəsində təhsil almağı xəyal edirdi. Bu arzusu reallaşdı və Əlcəzairin ən nüfuzlu universitetlərindən biri olan Huari Bumedyen Universitetində kompüter mühəndisliyi fakültəsinə daxil oldu. Təhsilə olan marağı və bacarığı sayəsində 4 illik proqramı 3 ilə tamamladı. Lakin standart bir işə başlamaq Həmzənin marağında deyildi.
Kibercinayətkarlığa yol açan başlanğıc
2000-ci illərdə kibercinayət anlayışı hələ bir çox ölkədə mövcud deyildi. İnternetin qaranlıq tərəfi ilə tanış olan Həmzə, bu sahəyə böyük maraq göstərməyə başladı. İlk olaraq, kiçik miqyaslı hücumlarla insanların bank hesablarını oğurlamaqla məşğul oldu. O, saxta e-poçtlar və zərərli proqramlar vasitəsilə insanların şəxsi məlumatlarını ələ keçirirdi. Daha sonra öz zərərli proqramını yaratmaq qərarına gəlib.
SpyEye proqramının yaradılması
Həmzə rusiyalı haker Aleksandr Panin ilə birlikdə "SpyEye" adlanan bir zərərli proqram hazırladı. Bu proqram, kompüterlərə və telefonlara fərq edilmədən daxil olur, istifadəçinin bank hesablarını boşaldır və hətta saxta ekran görüntüləri yaradaraq hesabdan pul çıxmadığı təəssüratını yaradırdı.
Böyük hücum və qaçış
Həmzə öz bilik və bacarıqları ilə 217 bankı sındıraraq milyonlarla dollar oğurladı. Bu pulları yoxsul bölgələrə, xüsusilə Fələstin və Afrikaya göndərdiyi deyilir. Lakin bu iddiaların rəsmi təsdiqi yoxdur. O, FBI və digər beynəlxalq təhlükəsizlik qurumlarının diqqətini çəkib. Uzun müddət qaçaq qaldıqdan sonra 5 yanvar 2013-cü ildə Türkiyədən Əlcəzairə qayıdarkən hava limanında saxlanılıb.
Tutulma anı və əfsanəvi gülüş
Həmzə tutulduğu zaman kameralara gülərək poza verdi. Onun bu davranışı mediada geniş müzakirələrə səbəb oldu və "Gülən Haker" ləqəbini qazandı. Həmzənin bütün pulları Fələstin və Afrikaya göndərdiyi iddiaları onun qəhrəman kimi qəbul edilməsinə səbəb oldu. Bir çox ölkədə onun azadlığı üçün kampaniyalar başladılıb.
Məhkəmə və höküm
Həmzə ölüm cəzasına məhkum ediləcəyindən narahat olan pərəstişkarları Əlcəzair hökumətinə təzyiq göstərdilər. ABŞ-ın Əlcəzair konsulluğu isə kibercinayətlərin ölüm cəzası kateqoriyasına aid olmadığını bəyan etdi. Nəticədə, Həmzə 15 il həbs cəzasına məhkum edilib.
Qəhrəman və ya cinayətkar?
Həmzənin Bendlerin oğurladığı pulları yoxsullara payladığı və lüks həyat sürdüyü iddiaları bir-birinə zidd fikirlər doğurur. O, bəziləri üçün müasir Robin Hud, digərləri üçün isə maliyyə sektoruna zərbə vuran təhlükəli bir kibercinayətkardır. Lakin bir həqiqət var ki, Həmzənin hekayəsi milyonlarla insanın diqqətini çəkib və texnologiya ilə cinayət arasında incə xətti göstərən əfsanəvi bir nümunəyə çevrilib.
Həmzə Bendler tarixdə həm texnoloji dahi, həm də mübahisəli şəxsiyyət kimi xatırlanacaq.
Mənbə:tvnet x
Tərcümə edən: Fatimə Cabbarlı
