Yaşlandıqca zamanın daha sürətlə keçdiyini hiss edirik. Psixoloq Sindi Lustiqə görə bunun əsas səbəbi həyatın daha strukturlaşması və rutinləşməsidir. İnsan yaşlandıqca günlər eyni fəaliyyətlərlə dolur, həyatda mühüm hadisələrin və dönüş nöqtələrinin sayı azalır. Bu monotonluq beynin zamanı vahid və yekdil bir axın kimi qəbul etməsinə səbəb olur.

Zaman qavrayışına təsir edən digər amil yeni təcrübələrin azalmasıdır. Uşaqlıqda hər il yeni kəşflərlə dolu olur, bu da beynin daha çox unikal xatirə yaratmasına şərait yaradır. Yetkin yaşlarda isə eyni fəaliyyətlərin təkrarlanması nəticəsində, yeni xatirələr azalır və zaman daha sürətli keçirmiş kimi hiss edilir. Bir uşaq üçün bir il ömrünün böyük bir hissəsini təşkil edir, lakin yaş artdıqca bu nisbət azalır.
Tədqiqatçı Adrian Bejan isə zaman qavrayışının beynin məlumat emalı sürəti ilə əlaqəli olduğunu bildirir. Onun 2019-cu ildə yayımlanan araşdırmasına görə, gənc yaşda beyin daha çox və daha tez məlumatı emal edə bilir. Yaşlandıqca bu qabiliyyət zəifləyir, nəticədə zaman daha sürətli axırmış kimi görünür.
Alimlər bu fenomeni araşdırmağa davam edir. Lakin zamanın axını sabitdir, dəyişən isə bizim onu qavrama tərzimizdir.
Mənbə: Onedio
Tərcümə etdi: Xavər Məmmədli
