İkinci Dünya Müharibəsinin çətinlikləri yalnız döyüş meydanlarında deyil, məişətdə də yeniliklərə yol açdı. Xammal çatışmazlığı yaşayan Almaniyada, bu çətinliklərdən çıxış yolu olaraq bu gün bütün dünyada tanınan “Fanta” adlı içki yaradıldı. Bəs müharibənin qaranlıq günlərində “Fanta”nın yaranmasına nə səbəb oldu?

Dünyada milyonlarla insanın sevdiyi “Fanta”nın hekayəsi İkinci Dünya Müharibəsinin çətin və çətinliklərlə dolu günlərində başlayıb. Bu, sadəcə bir içkinin yaranma hekayəsi deyil, eyni zamanda yaradıcılığın və böhran zamanı yeni yollar tapmağın simvoludur. Müharibə dövründəki xammal çatışmazlığı “Fanta” kimi bu gün məşhur olan bir brendin ortaya çıxmasına yol açdı.
1939-cu ildə başlayan İkinci Dünya Müharibəsi təkcə silahların savaşı deyil, eyni zamanda ticarət və iqtisadiyyatı sarsıdan bir müharibə idi. Müttəfiqlərin Almaniyaya tətbiq etdiyi ticarət embarqoları bir çox sənaye sahəsini, o cümlədən qida və içki sektorunu iflic vəziyyətə saldı. Bu böhrandan zərər görənlərdən biri də “Coca-Cola”nın Almaniya filialı idi. Amerikadan şəkər siropu və digər əsas xammalların tədarükü artıq mümkün deyildi.
“Coca-Cola”nın Almaniyadakı direktoru Maks Keyt yaranmış çətin vəziyyətlə qarşı-qarşıya qaldı və özü-özünə bir sual verdi: “Əlimizdə olanlarla nə edə bilərik?” O, bu vəziyyətə təslim olmaq və Almaniya bazarını itirmək istəmirdi. Bu sual və inadkarlıq nəticəsində, dünya miqyasında məşhur olan “Fanta”nın əsası qoyuldu. Beləliklə, Maks Keyt mövcud məhsullardan istifadə edərək alternativ bir içki hazırlamaq üzərində işləməyə başladı. O dövrün şərtlərinə uyğun olaraq zərdab və meyvə qabıqları kimi asanlıqla əldə edilə bilən xammaldan istifadə edərək yeni bir içki istehsal etdi.
Bu içki, adı almanca "Fantasie" (təxəyyül) sözündən götürülərək “Fanta” adlandırıldı. “Fanta” müharibə dövründə insanların ehtiyaclarına yaradıcı və uyğun bir cavab olaraq meydana çıxdı və o gündən bəri dünya miqyasında sevilən bir içkiyə çevrildi.
Lakin o dövrdə istehsal edilən “Fanta” müasir versiyasından tamamilə fərqli idi. Xammal çatışmazlığının yaratdığı məhdudiyyətlər səbəbindən içkinin tərkibi əsasən alma, zərdab və meyvə qabıqlarından ibarət idi. Bu, müharibə dövründə mövcud olan resurslardan ən yaxşı şəkildə istifadə etməyə əsaslanırdı. 1945-ci ildə müharibə başa çatdıqda “Coca-Cola” özünün Almaniyadakı əməliyyatlarına yenidən nəzarəti ələ aldı və “Fanta” brendi müasir istehlakçı bazarına uyğun olaraq inkişaf etdirildi.
Fanta” bir müddət unudulsa da, 1950-ci illərdə İtaliyada portağal ətirli içkilərə artan tələbat markanın yenidən yaranmasına zəmin yaratdı. “Coca-Cola” şirkəti “Fanta”nı portağal ətirli bir içki olaraq yenidən formalaşdırdı və qısa zamanda beynəlxalq bazarda böyük uğur qazandı.
Geniş ləzzət çeşidi və əlverişli qiyməti ilə geniş kütlələrin sevimlisinə çevrilən “Fanta”nın əsası İkinci Dünya Müharibəsi illərində qoyulmuşdu. Hərçənd ki, o vaxtlar fərqli bir tərkibə malik idi, müasir versiyası onun tamamilə yenilənmiş bir formasını təmsil edir.
"Fanta” İkinci Dünya Müharibəsinin yaradıcı yan təsirlərindən biri kimi tarixdə öz yerini tutur. Onun hekayəsi, böhran dövründə insan yaradıcılığının məhdudiyyətlərə baxmayaraq necə böyük imkanlar yarada biləcəyini bir daha sübut edir. Bu içki, çətinliklər qarşısında innovativ düşüncənin və adaptasiya bacarığının simvoluna çevrilib.
Mənbə: onedio
Tərcümə etdi: Selcan İbişli
