
Hər kəs cins şalvarlarında olan kiçik cibi görüb, amma bu cibin nə üçün istifadə edildiyini çox az adam bilir. Bu kiçik cib, 19-cu əsrdə cib saatlarını saxlamaq üçün nəzərdə tutulub. Bu dizayn, məşhur cins şalvar istehsalçısı Levi Strauss tərəfindən 1879-cu ildə təqdim edilib.
O dövrdə cib saatları gündəlik həyatın vacib bir parçası idi və insanlar saatlarını təhlükəsiz saxlamaq üçün xüsusi bir yerə ehtiyac duyurdular. Levi’s bu ehtiyacı nəzərə alaraq şalvarlara kiçik bir cib əlavə etdi. Bu cib, saatları qorumaq üçün mükəmməl bir həll idi və işçilər, xüsusilə də kovboylar və qızıl axtaranlar arasında çox populyar oldu.
Zamanla cib saatlarının istifadəsi azalsa da, bu dizayn dəyişməz qaldı. İndi bu kiçik cib daha çox dekorativ bir element kimi qəbul edilir. Bununla belə, istifadəçilər onu müxtəlif məqsədlər üçün uyğunlaşdırıblar. Kiçik cibdə sikkələr, USB yaddaşlar, açarlar və hətta qulaqlıqlar saxlamaq üçün istifadə olunur.
Levi Strauss & Co. şirkəti bu kiçik cibə “watch pocket” (saat cibi) adını versə də, istifadəçilər arasında ona “kiçik cib” və ya “beşinci cib” də deyilir. Bu kiçik detal, cins şalvarın tarixi və funksional dizaynına bir nümunə olaraq qalır.
Cins şalvarların illərdir dəyişməyən bu unikal elementi, moda tarixinin və gündəlik geyimin funksional tərəfinin bir simvoludur. İstər cib saatı, istərsə də başqa əşyalar üçün istifadə olunsun, bu kiçik cib, cins şalvar dizaynının maraqlı bir parçası olaraq qalır.
Mənbə: Today.com
Tərcümə etdi: Aysel Şıxməmmədova
