
Dünyanın ən güclü qadınlarından biri olmaq kraliçaya bənzərsiz və heyrətamiz imtiyazlar qazandırırdı – bu imtiyazlar hətta kral ailəsinin digər üzvləri üçün də əlçatan deyildi! Gəlin həmin imtiyazlardan bəzilərinə nəzər salaq:
1. Sürücülük vəsiqəsi olmadan avtomobil idarə etmək
Kraliçanın şəxsi sürücüsü olsa da, o, bəzən sükanı özü idarə etməyi xoşlayırdı. Ancaq heç vaxt yol polisi tərəfindən saxlanılacağını gözləmək olmazdı, çünki o, ölkədə sürücülük vəsiqəsi olmadan avtomobil idarə edə bilən yeganə şəxs idi.
2. Həbs olunmamaq
Kraliçanın hərəkətlərinin monarxiya və cəmiyyət üçün ciddi nəticələri ola bilərdi, lakin onun həbs edilmə riski yox idi. Suveren toxunulmazlıq sayəsində o, qanuni məsuliyyətdən azad idi.
3. Baş naziri işdən çıxarmaq
Kraliça siyasi fikirlərini açıq şəkildə ifadə edə və ya səsvermədə iştirak edə bilməsə də, hökumətdə mühüm rol oynayırdı. Ekstremal hallarda kral imtiyazına əsaslanaraq baş naziri vəzifədən azad edə bilərdi.
4. Vergi ödəməmək
Kraliça Yelizaveta yalnız İngiltərə kraliçası deyil, həm də ölkənin ən zəngin qadınlarından biri idi. Suveren olaraq vergi ödəməkdən azad idi. Lakin o, kral işlərindən kənar bütün gəlirləri üçün könüllü olaraq vergi ödəyirdi.
5. İki ad günü qeyd etmək
İldə bir neçə dəfə ad gününüzü qeyd etməyi arzulamısınızmı? Kraliça Yelizavetanın belə bir imtiyazı var idi. Onun şəxsi olaraq qeyd edilən əsl ad günü ilə yanaşı, iyunun ikinci şənbə günü qoşun mərasimində qeyd olunan rəsmi kral ad günü də vardı.
6. Cinayətkarları bağışlamaq
Kraliça cinayətkarları cəzadan azad etmək hüququna malik idi. Məsələn, 2020-ci ildə Londondakı terror aktı zamanı insanların həyatını xilas edən məhkum edilmiş bir şəxsi xüsusi sərəncamla əfv etmişdi.
7. Xüsusi zinət əşyalarına çıxış
Bəzi zinət əşyaları şəxsən kraliçaya məxsus idi. Tacqoyma və digər mühüm mərasimlər üçün istifadə edilənlər isə kral ailəsinin mülkiyyəti hesab olunurdu. Lakin kraliça olaraq Yelizavetanın istədiyi zinət əşyalarını taxmaq hüququ var idi.
Mənbə: Zerkalo Ekrana
Tərcümə etdi: Fatimə Umarbəy
