Bu gün:

Psixologiyada fövqəltəbii qüvvələr deyilən bir şey varmı?


Niyə bir çox insan 21-ci əsrdə hələ də fövqəltəbii hadisələrə inanır? Batil inanclara sahib olmağımızın ağlabatan səbəbləri varmı?

ABŞ-da aparılan son araşdırma amerikalıların dörddə üçünün fövqəltəbii hadisələrə inandığını və hər beş nəfərdən birinin xəyal gördüyünü iddia etdiyini ortaya qoydu. Keçmişdə kəskin zəkaya malik bəzi məşhurların qeyri-mümkün olan hadisələrə inanmaqdan çəkinmədikləri görüldü. Bunların arasında Abraham Linkolnun ruhunu gördüyünü deyən Uinston Çörçili, kabuslarla media vasitəsi ilə danışan Artur Konan Doyl və telepatiyaya inanan Alan Turinqi saymaq olar.

Bu inanclarla maraqlanan psixoloqlar bəzi insanların niyə hələ də xurafatdan qurtula bilmədiklərini araşdırmaq üçün yola çıxdılar. Onların tapıntıları göstərib ki, fövqəltəbii inancların bəzi gizli faydaları ola bilər.

Bəzi paranormal təcrübələr beyindəki səhv fəaliyyətlə izah edilə bilər. Məsələn, cin və pərilərin cisimləri hərəkət etdirdiyini gördüklərinə and içənlərdə beynin görmədən məsul olan sağ yarımkürəsindəki bəzi nahiyələrin zədələnmiş ola biləcəyini söyləmək olar. Yaxud bəzi epilepsiya növləri insanların arxalarında nəyinsə onları təqib etdiyini hiss etdirə bilər.

Ruhun bədəndən ayrılması kimi təcrübələr bu gün nevroloji hallar olaraq görülüb və bəzi vizual illüziyaların sağlam beyində əfsanəvi canlıların yaranmasına səbəb olduğu bilinib.

Məsələn, gənc italyan psixoloqu bir səhər güzgüyə baxanda qarşısında qırışıq bir qoca görüb. Onun sonrakı təcrübələri göstərdi ki, bu cür illüziyalar (xüsusən də qaranlıqda öz əksinizə baxarkən) təəccüblü dərəcədə yayğındır. Ola bilsin ki, beyin zəif işıqda üzün strukturunu tam şəkildə təsəvvür edə bilmədiyi üçün boşluqları doldurmağa meyllidir. Bəzən bu səy kəllələr, cadugərlər və ya qorxulu heyvanlarla nəticələnə bilər.

Yəni yorğunluq, dərman və ya narkotik və spirtli içki kimi faktorlar beynə təsir edərək bu cür yanlış görüntülərə səbəb ola bilər.

Mənbə: BBC

Tərcümə etdi: Sona Osmanova 

Paylaş
Şərh əlavə et