
Tunquska partlayışı, 1908-ci il iyunun 30-da Rusiyanın Sibir bölgəsində, Podkamennaya Tunquska çayı yaxınlığında baş vermiş güclü və müəmmalı bir partlayışdır. Bu, tarixdə qeydə alınan ən böyük atmosfer partlayışlarından biri hesab edilir və yer üzündə insan fəaliyyəti nəticəsində deyil, təbii səbəblərdən baş vermiş ən güclü partlayışlardan biridir.
1908-ci il iyunun 30-da səhər saatlarında göy üzündə çox parlaq bir işıq görünür. Ardınca güclü bir partlayış baş verir və nəticədə yüzlərlə kilometr uzaqlıqdakı evlərin pəncərələri qırılır, yer sarsılır. Hadisənin başvermə nöqtəsi olan ərazidə təxminən 2.150 kvadrat kilometr sahə tamamilə məhv olur, 80 milyon ağac yıxılır. Partlayışın gücünün təxminən 10-15 meqaton TNT partlayışına bərabər olduğu hesab edilir ki, bu da Hiroşimaya atılan atom bombasının gücündən təxminən 1.000 dəfə artıqdır.
Hadisənin baş verdiyi nöqtə çox uzaq və az məskunlaşmış bir bölgədə yerləşdiyi üçün birbaşa ölüm halları qeydə alınmayıb. Buna baxmayaraq, partlayışın yaratdığı güclü təkan dalğası yaxın ərazilərdə yaşayan insanlara təsir edib və bir çox insan ciddi xəsarətlər alıb.
Tunquska hadisəsi ilə bağlı ən geniş yayılmış və elmi baxımdan qəbul edilən nəzəriyyə, atmosferdə bir meteoritin və ya kometanın partlamasıdır. Təxminən 50-60 metr diametrində olan bu kosmik cisim, böyük sürətlə atmosferə daxil olaraq sıx təbəqələrdə hərəkət edir və yerə çatmadan partlayır. Bu partlayış nəticəsində meteoritin enerjisi havaya yayılır, böyük bir partlayış və geniş miqyaslı dağıntı yaranır. Bu cür hadisələr "hava partlayışı" olaraq adlandırılır.
Tunquska partlayışının tam olaraq sübut edilməmiş təbiəti səbəbindən hadisə ilə bağlı bir sıra nəzəriyyələr irəli sürülmüşdür. Bunlara kometanın partlaması, təbii qazın atmosferdə alışması, hətta yadplanetli texnologiyasının səbəb olduğu iddiaları daxildir. Bu nəzəriyyələr hadisənin qeyri-adi və müəmmalı xarakteri ilə bağlı elmi və populyar müzakirələrin davam etməsinə səbəb olmuşdur.
Bəzi tədqiqatçılar Tunquska partlayışının səbəbini daş meteoritdən çox, buz və qazdan ibarət olan bir kometada görürlər. Onların fikrincə, kometa atmosferə daxil olaraq parçalanıb və bu güclü partlayışı yaradıb. Alternativ bir nəzəriyyə isə hadisəni yerin dərinliklərindən çıxan metan qazı ilə əlaqələndirir. Bu nəzəriyyəyə görə, metan qazı atmosferdə sıxlaşaraq partlayışa səbəb olub.
Hadisənin sirri və qeyri-adi təbiəti bəzilərini yadplanetli bir gəminin yerə düşməsi və ya yadplanetlilərin müdaxiləsi barədə fərziyyələr irəli sürməyə vadar edib. Bu nəzəriyyə elm adamları tərəfindən rədd edilsə də, populyar mədəniyyətdə geniş yayılıb və maraq doğurur.
Mənbə: Evrim ağacı
Tərcümə etdi: Dilbər Paşazadə
