Bu gün:

Filadelfiya eksperimenti


Filadelfiya təcrübəsi 1943-cü ildə ABŞ hərbi qüvvələrinin həyata keçirdiyi hərbi-texniki eksperimentir. Eksperimentin əsas məqsədi 2-ci dünya müharibəsinin gedişatına təsir etmək düşmənə qarşı yeni və gözlənilməz taktika ilə hücuma keçmək idi. 1942-ci ilin faşist bloku üçün uğurlu keçdiyini və həmin ildə onlarla mülki və hərbi Britaniya gəmisinin sualtı hücumlar nəticəsində batırıldığını nəzərə alsaq, eksperiment stimulunun necə yarandığını görə bilərik.

Onedio -nun məlumatına görə, Filadelfiya təcrübəsi teleportasiya və görünməzliyə əsaslanırdı. Təcrübə ilk baxışda mahiyyətcə gəmilərin düşmən radarlarında görünməsinin qarşısını almağı hədəfləyən digər onlarla təcrübəyə oxşasa da, Filadelfiya eksperimenti gəmilərin həqiqi mənada görünməzliyini təmin etmək, yəni çılpaq gözlə görülməsinə mane olmaq məqsədi daşıyırdı.

Bebarbilim kanalının məlumatına görə, təcrübə üçün "USS Eldridge" adlı ABŞ gəmisi seçilir və 2-ci dünya müharibəsinin ən qızğın vaxtında gəmi üzərində eksperiment aparılmağa başlayır. Belə ki, Eynşteynin birləşik məkan nəzəriyyəsinə əsaslanaraq gəmiyə onlarla güclü generator qoyulur. Bu generatorlar eksperiment anında işə salınmalı və güclü işıq yayaraq gəmini həm radarlara, həm də insan gözünə qarşı görünməz etməli idi.

Təcrübənin gedişatı isə atılan addımlardan daha maraqlı olub. Eksperiment gözlənilən nəticədən daha artığını verib. Generator işə salınanda gözlənilməz yaşıl bir duman gəminin ətrafını bürüyüb, duman dağılanda isə gəmi yoxa çıxıb. Gəmi 300-350 kilometr uzaqlıqda Norfolk dəniz bazasında peyda olub və qısa vaxt ərzində yenidən yoxa çıxıb. Qəribə olan odur ki, buradakı digər gəminin sərnişinləri - hadisənin şahidləri gəminin Filadelfiyada gözdən itməzdən tam 10 dəqiqə əvvəlki zamanda Norfolkda göründüyünü bildiriblər. Beləliklə, təcrübə həm teleportasiyanı, həm də zamanda səyahəti dınaqdan keçirmiş olur.

Həyata keçirdiyi qeyri-adi kəşflərə baxmayaraq təcrübə faciə ilə sona çatıb. Gəmidəki geyətin çox hissəsi səyahət zamanı tamamilə yoxa çıxıb, qalanı isə yüksək cərəyan şiddətinin və digər fiziki təsirlərdən divarlara, döşəməyə qarışmış halda tapılıblar. Eksperimentin faciə ilə nəticələnməsi onun illərlə gizlədilməsinə səbəb olub, şahidlər isə cürbəcür beyin yuyulmasına məruz qalaraq susdurulub.

Əslində isə bu hekayə Karl M. Elam tərəfindən uydurulan dünyada çox uzun müddət gündəmdə qalan və hələ də müzakirələrə səbəb olan bir nəzəriyyədən ibarətdir. Elamın psixi pozuqluqlarının olması və gəminin həmin tarixdə Filadelfiyada deyil Bruklində olması kimi faktlar uydurmaların həqiqət olmadığını sübut edən xırda detallardır.

Yenə də bəzi məqamlar doğru və yalan arasındakı sərhədləri bulanıqlaşdırır. Məsələn, eksperimentin keçirildiyi iddia edilən dövrdə yaxınlıqdakı başqa bir gəmidə çalışan işçinin dediyinə görə eksperiment həyata keçirilib, lakin ətrafa nə yaşıl duman yayılıb, nə də teleportasiya həyata keçib. Onun dediklərinə görə, ekspermentin məqsədi gəmini sualtı hücumlara qarşı "oyaq" vəziyyətə gətirmək olub.

Eksperimentlə bağlı müxtəlif fikirlər hələ də var və dəqiq nəticəni söyləmək, təəssüf ki, mümkün deyil.

Hazırladı: Səidə Abasova

Paylaş
Şərh əlavə et