

Mariya Kallasın həyatında üç əsas ehtiras vardı: opera, zinət əşyaları və Aristotel Onassis. Dünya şöhrətli opera divasının dünyanın ən zəngin adamlarından biri olan Onassislə sevgisi təxminən 20 il davam etdi. Bu eşq həm onun şəxsi həyatında, həm də karyerasında dərin izlər buraxdı.
1923-cü ildə Nyu-Yorkda yunan mühacir ailəsində anadan olan Mariya Kallas yüksək istedadı və zəhmətkeşliyi sayəsində tezliklə opera dünyasında ulduza çevrildi. La Skala və Metropolitan Opera səhnələrində böyük uğurlar qazanan Mariyanın peşəkar həyatında italyan sahibkar Covanni Battista Meneghini mühüm rol oynadı. Meneghini yalnız onun impresariosu deyil, həm də həyat yoldaşı oldu. Cütlük 1949-cu ildə ailə qurdu. Lakin Mariya bir müddət sonra Covanniyə qarşı hisslərinin ata sevgisindən irəli gəldiyini etiraf etdi.
Covanni özündən 28 yaş kiçik olan həyat yoldaşını bütləşdirirdi. O, Mariyanın hər ehtiyacını qarşılayır, ona mentor, dost və dəstək olurdu. Bu münasibətlər Mariyanın həm fiziki, həm də peşəkar inkişafına təsir göstərdi – o, 40 kq arıqladı və operanın ən tanınmış simalarından birinə çevrildi.
Bir gün Mariyanın çıxışına qatılan Aristotel Onassis səhnədəki “şeytan diva”ya heyran qaldı. O, qısa müddətdə Kallasın diqqətini qazanmağa qərar verdi. Onassis Londondakı məşhur Dorchester otelində Mariyanın şərəfinə möhtəşəm ziyafət təşkil etdi və onu bahalı hədiyyələrlə əhatə etdi.
Ancaq Onassis evli idi. O, Mariyadan əvvəl, 17 yaşlı Afina Livanosla ailə qurmuşdu. Bu evlilikdən cütlüyün iki övladı dünyaya gəlmişdi. Buna baxmayaraq, 1959-cu ildə Onassis Mariyanı və onun ərini yaxtasında üç həftəlik səyahətə dəvət etdi. Bu səyahət zamanı Onassis və Mariya arasında ehtiraslı sevgi münasibətləri başladı. Lakin bu sevgi Covanni və Afinanı ciddi sarsıtdı. Onassisin həyat yoldaşı qəzəblənərək boşanmaq üçün məhkəməyə müraciət etdi.
Mariya Kallas bu münasibətdə ilk dəfə özünü həqiqətən sevilən hiss edirdi. Bu sevgi uğrunda opera karyerasını ikinci plana atdı və təklif olunan müqavilələrə marağını itirdi. Lakin Onassisin sevgisi uzunmüddətli olmadı. O, tez-tez Mariyadan uzaqlaşır, diqqətini digər qadınlara yönəldirdi.
Mariya, sonunda Onassisdən bir uşaq gözləyirdi. Lakin oğulları Qomer vaxtından əvvəl dünyaya gəldi və doğuşdan iki saat sonra vəfat etdi. Bu itki Mariyanın həyatında sağalmaz yara buraxdı. Mariya sarsıntı və stressin təsiri ilə səsini itirməyə başladı. 1965-ci ildə Parisdə baş tutan konsertində o, ariyanı sona qədər oxuya bilmədi və musiqiçilər belə şok vəziyyətinə düşdü. Bu hadisədən sonra Kallas peşəkar səhnədən uzaqlaşdı.
Bir müddət sonra Mariya qəzetlərdə Onassisin ABŞ prezidenti Con Kennedinin dul həyat yoldaşı Jaklin Kennedi ilə evlənəcəyini öyrəndi. Bu xəbər Mariya üçün ağır zərbə oldu. O, əsəb krizi keçirdi və dərmanlara aludə oldu.
1975-ci ildə Onassisin səhhəti pisləşəndə Mariya onunla vidalaşmaq üçün son dəfə yanına gəldi. Onassis isə beş həftə sonra vəfat etdi. Mariya, onu həyatı boyu sevdiyini deyərək sevgisini etiraf etdi.
Mariya Kallas 1977-ci ildə Parisdə vəfat etdi. Bu ehtiraslı sevgi hekayəsi, musiqi dünyasının parlaq bir ulduzunu həm yüksəklərə qaldırdı, həm də həyatının faciəsinə çevrildi.
Mənbə: dzen.ru
Tərcümə etdi: Fatimə Əhmədova
