Bu gün:

Ölü dəniz yazmaları


Ölü Dəniz yazmaları qədim yəhudi mətnləri kolleksiyasıdır. 1940-cı illərdə İsrailin İordan çayının qərb sahilində yerləşən Qumran mağaralarında tapılıb. Bu yazmalar eramızdan əvvəl təxminən 3-cü əsrə və eramızın 1-ci əsrinə aid edilir. Yazmalar həm tarixi, həm də dini baxımdan çox əhəmiyyətli sayılır və İbrani Bibliyası ilə bağlı ən qədim məlum mətnləri özündə birləşdirir. Yazmalar əsasən İbrani dilində, bəziləri isə Arami və Yunan dillərində yazılıb.


1947-ci ildə Bədəvi çobanlar təsadüfən mağaralardan birində qədim saxsı küplərdə gizlədilmiş mətnləri aşkar ediblər. Bu hadisə bir neçə başqa mağarada da arxeoloji qazıntılar aparılmasına səbəb olub və son nəticədə 11 mağarada təxminən 950-yə yaxın əlyazma parçası tapılıb.


Ölü Dəniz yazmaları üç əsas kateqoriyaya bölünür. Bibliya mətnləri, apokrif və pseudopiqrafik mətnlər, sekta ədəbiyyatı kateqoriyalarına daxildir. Apokrif və pseudopiqrafik mətnlər bibliyada yer almayan, lakin qədim yəhudi ədəbiyyatına aid mətnlərdir. Bunlara dini təlimlər, ayinlər və qanunlarla bağlı yazılar daxildir. Sekta ədəbiyyatı isə Qumran icmasının təlimləri və yaşam tərzini əks etdirən yazılardır. Bu mətnlər həmin icmanın dini qaydaları, qanunları, duaları və gələcəklə bağlı peyğəmbərlik dövrlərini izah edir.


Yazmaların çoxu, ehtimal ki, Esseylər adlı yəhudi dini icmasının üzvləri tərəfindən yazılıb. Esseylər e.ə. 516 – eramızın 70-ci ili yaşamış asket bir qrup olub və onlar Qumran bölgəsində hər şeydən təcrid olunmuş şəkildə yaşayıblar. Esseylər təmizlik, mənəvi intizam və tanrılara olan bağlılığa böyük önəm veriblər. Onların düşüncələrinə görə,  məscidlərdə və şəhərlərdəki dini sistem korlanıb və buna görə də, hər şeydən təcrid olunmuş icmalar yaradıblar.


Yazmalar İbrani Bibliyasının qədim dövrlərə aid ən erkən nümunələrini təqdim edir. Bu mətnlər Bibliyanın mətn tarixi və tərcümələri barədə mühüm məlumatlar verir. Yazmaların bir qismi qədim yəhudi dininin müxtəlif məzhəbləri və icmaları barədə əhəmiyyətli məlumatlar verir. O dövrün yəhudi dininə dair anlayışları genişləndirir. Ölü Dəniz yazmaları eyni zamanda erkən xristianlıqla bağlı məsələlərdə də bəzi məlumatlar təqdim edir. Xristianlığın yaranması və yəhudilikdən ayrılması ilə bağlı fikir ayrılıqlarının daha yaxşı başa düşülməsi üçün bu yazmalar dəyərli bir mənbədir.


Yazmalar əsasən papirus və ya perqament üzərində yazılıb və minilliklər boyunca mağaralarda çox yaxşı şəkildə qorunub saxlanılıb. Yazmaların bir hissəsi İsraildə Qüds şəhərində yerləşən İsrail Muzeyindəki "Kitab Zalı" adlı xüsusi bir hissədə sərgilənir. Bu yazmaların böyük bir qismi müasir texnologiya vasitəsilə rəqəmsal formada saxlanılıb və dünyadakı alimlərin tədqiqatlarına açıq elan edilib.


Mənbə: Anadolu ajansı

Tərcümə etdi: Dilbər Paşazadə


Paylaş
Şərh əlavə et