Bu gün:

Qocaldıqca niyə zamanın daha sürətli axdığını hiss edirik?


Zamanın tez keçdiyini hiss etmək çoxumuzun yaşadığı bir şeydir. Xüsusilə qocaldıqca bu hiss daha qabarıq şəkildə özünü büruzə verir.

Uşaqlıqda bir il əbədiyyət kimi görünsə də, yetkinlik dövründə hətta aylar bir göz qırpımında keçir. Alimlər bu hissin səbəblərini araşdırıblar və nəticədə çox maraqlı nəzəriyyələr ortaya çıxıb. 

Miçiqan Universitetinin psixologiya professoru Cindy Lustig-ə görə, yaş aldıqca həyatımız daha strukturlaşdırılmış və rutin halına çevrilir. Günlərimiz oxşar fəaliyyətlərlə keçir və həyatımızda böyük dönüş nöqtələri getdikcə azalır.


Lustiq: "Biz yaşlandıqca həyatımız daha çox rutinlər ətrafında qurulur və həyatımızın müxtəlif dövrlərini qeyd edən hadisələr daha az əhəmiyyətli olur" - deyir. 


Bu qanunauyğunluq beynimizin vaxtı düzgün idarə etməsinə təsir edir. Günlər bir-birinə bənzədikcə, zaman zehnimizdə  bir bütöv kimi qəbul olunmağa başlayır.


Zaman qavrayışımıza təsir edən digər mühüm amil yeni təcrübələrin azalmasıdır. Uşaqlıqda hər il yeni kəşflərlə dolu olsa da, yetkinlik dövründə belə təcrübələrin sayı azalır.


Bir uşaq üçün bir il həyatının böyük bir hissəsini tutur və saysız-hesabsız yeni təcrübələrlə doludur. Ancaq 50 yaşlı bir insan üçün bir il həyatının daha kiçik bir hissəsini təşkil edir və tez-tez təkrarlanan xatirələrlə keçir.

Beynimiz yeni və bənzərsiz xatirələri zamanın axışına daxil etməkdə mahirdir. Lakin bu cür xatirələr azaldıqca zamanın axışı bulanıqlaşır və daha sürətli keçmə hissi yaranır.


Tədqiqatçı Adrian Bejan zamanın qavranılmasının beyinin qocalması ilə birbaşa əlaqəli olduğunu irəli sürür. Bejan 2019-cu ildə nəşr etdiyi araşdırmada bildirir ki, biz gənc olanda beynimiz daha çox məlumatı daha sürətli emal edə bilir. Gənc olanda beyin daha az vaxtda daha çox görüntü yadda saxlayır. Ancaq qocaldıqca beynimizin bunu etmə qabiliyyəti azalır və bu da günlərin daha tez keçdiyi hissini yaradır.


Alimlər bu maraqlı sirri həll etməyə davam edirlər. Ancaq zamanın əslində həmişə eyni sürətlə axdığı bir həqiqətdir. Dəyişikliklər isə bizim onu qavrayış tərzimizdir.


Mənbə: onedio

Tərcümə etdi: Selcan İbişli

Paylaş
Şərh əlavə et