2025-ci il yeni təqvim ilinin başlanğıcı olmaqla yanaşı, həm də yeni nəsil insanların doğulmasına da şahidlik edib. 1 yanvar 2025-ci il tarixindən etibarən doğulan körpələr "Beta nəsil" adlanan yeni nəslə daxil ediləcək.

Araşdırma şirkəti McCrindle, Beta nəslinin 2035-ci ilə qədər dünya əhalisinin 16 faizini təşkil edəcəyini və bu nəslin əksəriyyətinin 22-ci əsrin şahidi olacağını təxmin edir. McCrindle əvvəllər geniş istifadə olunan "Alfa nəsli" terminini ortaya çıxaran sosial alim Mark McCrindle tərəfindən qurulan tədqiqat şirkəti kimi tanınır.
Keçən əsrdə geniş istifadə olunan nəsil təsnifatları aşağıdakılardır:
Beta nəsli: 2025-2039-cu illər arasında doğulanlar;
Alfa nəsli: 2010-2024-cü illər arasında doğulanlar;
Z nəsli: 1997-2009-cu illər arasında anadan olanlar;
Y nəsli (Millennials): 1981-1996-cı illər arasında anadan olanlar;
X nəsli: 1965-1980-ci illər arasında anadan olanlar;
Baby Boomers: 1946-1964-cü illərdə doğulanlar;
Səssiz Nəsil: 1928-1945-ci illər arasında doğulanlar.
Beta nəslinin də texnoloji yeniliklərlə formalaşan Alfa nəsli kimi rəqəmsal dünyada böyüyəcəyi proqnozlaşdırılır. Tədqiqatçılar süni intellekt, avtomatlaşdırma və rəqəmsal innovasiyanın Beta nəslinin həyatına dərindən təsir edəcəyini bildirirlər. Bundan əlavə, bu nəsil də böyük sosial problemlərlə üzləşəcək. İqlim böhranı, qlobal əhali dəyişiklikləri və resurs çatışmazlığı Beta nəslinin qarşılaşacağı mühüm problemlər sırasındadır.
Beta nəsli müasir texnologiyanın təsiri altında yetişəcək yeni nəsil olaraq tarixdə yerini alır. Ancaq bu nəsli anlamağa çalışarkən ümumiləşdirmələrə və stereotiplərə diqqət yetirərək daha balanslı bir yaşam tərzi inkişaf etdirmək vacib olacaq.
Mənbə: Fikrimucit
Tərcümə etdi: Səidə Əsədli
