24media.az-ın budəfəki qonağı psixoloq Helin Şadfardır. O, psixoloji faktorlar və insanların sağlamlığı haqqında danışıb.

- Qərarvermə prosesində psixoloji faktorların rolu nələrdir?
Qərarvermə prosesində psixoloji faktorların rolu böyükdür. İnsan özünə inandıqda daha doğru, əmin addımlar ata bilir və bu da onu məqsədlərinə yaxınlaşdırır. Keçmişdəki uğursuzluqlar qərar qəbulunu çətinləşdirə bilər, amma bu zaman şəxsin psixoloji dayanıqlığı və pozitiv düşüncə tərzi ön plana çıxır. Belə hallarda, şəxsin öz potensialını, keçmiş uğurlarını və arzularını xatırlaması onun qərarvermə qabiliyyətini artırır. Maraqlar və məqsədlər də prosesdə mühüm rol oynayır, çünki onlar insanın hansı istiqamətdə hərəkət edəcəyini müəyyən edir.
Sosial mühitin təsiri də əhəmiyyətlidir. Ailə, dostlar və yaxın çevrə dəstək göstərərək insanın motivasiyasını artırır və daha düzgün qərarlar qəbul etməsinə kömək edir. Bu amillər insanın qərar vermə prosesinə həm emosional, həm də rasional olaraq təsir edir.
- İnsanların psixoloji sağlamlıq problemlərini açıq şəkildə qəbul etməməsinin əsas səbəbləri nədir?
Əvvəla, psixoloji problemlərin qəbul edilməməsi cəmiyyətdəki stereotiplərdən və yanlış inanclardan qaynaqlanır. İnsanlar çox vaxt psixoloji problemləri ifadə etdikdə "dəli" və ya "zəif" damğası ilə üzləşəcəklərindən qorxurlar. Bu qorxu onları vəziyyətlərini qəbul etməkdən və həll yolları axtarmaqdan çəkindirir, nəticədə problemi inkar etməyə üstünlük verirlər. Cəmiyyətin mənfi reaksiyası da insanları dəstək axtarmaqdan çəkindirir, bu isə vəziyyəti daha da ağırlaşdırır. Bu hallar əsasən maarifləndirmənin azlığı və psixoloji problemlərə cəmiyyətin yanlış yanaşması ilə bağlıdır.
Belə hallarda stereotiplərin azaldılması, psixoloji sağlamlıq haqqında maarifləndirmə və dəstəkləyici mühitin yaradılması çox vacibdir. İnsanların özlərini rahat ifadə edə biləcəyi, anlayış və dəstək görəcəyi bir mühit həm fərdi, həm də ümumi psixoloji sağlamlığa müsbət təsir göstərir.
Zeynəb Yunuszadə
