Bu gün:

Göllərdə abiotik və biotik amillər hansılardır?


Göl ekosistemində abiotik və biotik amillər bir-biri ilə sıx əlaqədə olan mühüm komponentlərdir.

Abiotik amillər gölün ekosisteminə və orada yaşayan canlılara təsir göstərən qeyri-canlı amillərdir. Bu amillərə işıq, temperatur, suyun pH səviyyəsi, həll olunmuş oksigen tərkibi və digər kimyəvi xüsusiyyətlər daxildir. Günəş işığı göldəki fitoplankton və su bitkiləri üçün fotosintez prosesinin davam etdirilməsində vacibdir, temperatur göldəki orqanizmlər üçün mühüm rol oynayır, çünki bir çox göldə yaşayan canlılar bədən temperaturlarını mühitə uyğunlaşdırır. Suyun temperaturu gölün səthinə yaxın yerlərdə yüksək, aşağı hissələrində isə daha aşağı olur. Qışda göldə buz təbəqəsi əmələ gələ bilər, bu da temperatur və işıq şəraitini dəyişir. Külək gölün səthinə və orada yaşayan orqanizmlərin fəaliyyətinə təsir göstərir. Suyun kimyəvi xüsusiyyətləri, məsələn, pH səviyyəsi və həll olunmuş oksigen miqdarı gölün ekosistemində mövcud olan növləri müəyyən edir.

Biotik amillər göldə yaşayan bütün canlı orqanizmləri əhatə edir. Bakteriyalar tullantıların parçalanmasında mühüm rol oynayır və digər orqanizmlərin bağırsaqlarında da mövcuddur. Fitoplankton və yosunlar kimi istehsalçılar günəş işığından istifadə edərək qida maddələri yaradır. Bu qida maddələri zooplankton, mollyuskalar, xərçəngkimilər və həşəratlar kimi canlılar tərəfindən yeyilir. Növbəti qida zəncirində isə bu orqanizmlər balıqlar və digər onurğalılar tərəfindən qida olaraq istifadə olunur.

Göl ekosistemi həm abiotik, həm də biotik amillərin qarşılıqlı əlaqəsi sayəsində dinamik şəkildə inkişaf edir və canlıların yaşaması üçün əlverişli mühit yaradır.


Mənbə: 411answers.com

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et