Bu gün:

Çernobıl fəlakəti: zonanın bugünkü vəziyyəti


26 aprel 1986-cı ildə, 39 il əvvəl, nüvə enerjisi tarixində ən böyük və ən dəhşətli fəlakət baş verib- Çernobıl AES-in reaktorlarından biri partlayıb.


1986-cı il aprelin 26-na keçən gecə atom elektrik stansiyasında bir anda iki güclü partlayış baş verib. Qəza nəticəsində radioaktiv çirklənmə 200 min kvadratkilometrdən çox əraziyə yayılıb ki, bunun da 70 faizi Rusiya, Ukrayna və Belarus əraziləridir. Qəzanı izah edən bir çox versiya var. Rəsmi məlumatlara görə, əsas səbəb AES rəhbərliyinin və personalının hərəkətlərindəki səhvlər olub.


Qəzadan dərhal sonra SSRİ Nazirlər Soveti sədrinin müavini Boris Şerbina Pripyata gəlib. Həmin günün gecəsi o, stansiyanın ətrafındakı ərazilərdən insanları evakuasiya etmək qərarına gəlib. Mesaj aprelin 27-də yerli radioda yayımlanıb. Düzdür, faciə ilk günlərdə geniş yayılmayıb. İnsanları birbaşa mənzillərindən, çox vaxt ev paltarında aparıblar. Çaxnaşma yaratmamaq üçün onlara 3 günə evə qayıda biləcəkləri bildirilib. Bu, təbii ki, baş verməyib. Ev heyvanları və şəxsi əşyalar, o cümlədən oyuncaqlar gətirmək qadağan edilib. Yalnız bir neçə günə sənədlər və yemək götürə bilmək mümkün olub.


Qəza nəticəsində 31 nəfər həlak olub, yanğının söndürülməsində iştirak edən 600 min nəfər yüksək dozada radiasiya alıb. Bir neçə yüz insana şüa xəstəliyi, leykemiya və radiasiyanın təsiri ilə bağlı ola biləcək digər xərçəng növləri diaqnozu qoyulub.


Bu gün insanlar strukturların təhlükəsizliyinə nəzarət etmək və yad şəxslərin əraziyə daxil olmamasını təmin etmək üçün bütün enerji bloklarında işlərini davam etdirirlər. Stansiya tərk edilməyib, amma elektrik enerjisi istehsal etmir. Çernobılın özündə otellər, yeməkxana və kafe var. Saat 22:00-dan şəhərdə komendant saatı var.


Pripyat ərazisində də ekspedisiya qrupları fəaliyyət göstərir. Turun təşkilatçıları Pripyatda radiasiya səviyyəsinin xeyli azaldığını və demək olar ki, normadan artıq olmadığını vəd edirlər. Hətta reklamlardan birində deyilir ki, tərk edilmiş şəhərdə bir günlük radiasiya dozası təyyarədə bir saatlıq uçuşun dozasına bərabər olacaq. 


Pripyat açıq səma altında muzey şəhəri adlanır. Şəhərdə təkcə evlər deyil, həm də vaxtilə orada yaşayanların çoxlu şəxsi əşyaları qalıb. Həmçinin, bəzi alimlərin fikrincə, Çernobılda indi də məskunlaşmaq mümkündür: radioaktiv izotopların yarımparçalanma dövrü artıq başa çatıb və əksər yerlərdə radiasiya səviyyəsi orta şəhərdəkindən yüksək deyil.


Mənbə: lenta.ru

Tərcümə etdi: Fatimə Kərimli

Paylaş
Şərh əlavə et