Əgər Taylanda səyahət etməyi planlaşdırırsınızsa, ölkənin mədəni dəyərlərinə diqqət yetirmək vacibdir. Məsələn, pulun üzərinə basmağın qadağan olduğunu eşidəndə təəccüblənə bilərsiniz. Bu, sadəcə bir qayda deyil, Taylandın kral ailəsinə və mədəni dəyərlərinə olan dərin hörmətin göstəricisidir.
Bəs, pula basmağın niyə belə ciddi məsələ olduğunu bilirsinizmi?
Tayland bir çox turist üçün ən populyar yerlərdən biridir. Tayland maraqlı atmosferi və fərqli mədəniyyəti ilə unudulmaz ölkələr sırasındadır.
Taylandda pulun üzərinə basmaq zarafat deyil, həqiqətən qanunla qadağandır. Bunun səbəbi Taylandın pul vahidi olan bahtda Kral Bhumibol Adulyadecin (Rama IX) portretinin olmasıdır. Pulun üzərinə basmaq və ya onu zədələmək kral ailəsinə qarşı təhqir kimi qəbul edilir. Bu, Tayland cəmiyyətinin kral ailəsinə və onların dəyərlərinə göstərdiyi dərin hörmətin bir nümunəsidir. Təkcə bu deyil! Taylandlıların “ayaq”la bağlı xüsusi problemi var.
Tayland mədəniyyətində ayaqlar bədənin ən çirkli və ən aşağı hissəsi hesab olunur. Ona görə də, pula ayaqla basmaq təkcə kral ailəsinə deyil, bütün Tayland mədəniyyətinə hörmətsizlik etmək deməkdir. Taylandda bu qanun həm yerli sakinlərə, həm də turistlərə şamil edilir.
Pulun zədələnməsi və ya kralın portretinin təhqir edilməsi ciddi hadisələrlə nəticələnə bilər. Həbsə qədər uzanan bu qanunlar kral ailəsinin şərəfini qorumaq məqsədi daşıyır.
Mənbə: onedio
Tərcümə etdi: Selcan İbişli