Bu gün:

“Qəzetlərin yayım infrastrukturu dağıdılıb” – Müşfiq Ələsgərli


Digər ölkələrdə olduğu kimi Azərbaycanda da müxtəlif sahələr üzrə fəaliyyət göstərən qəzetlər çoxdur. Ancaq onların keyfiyyəti, hansı şəraitdə çap olunmaları, ötən illərdə çap olunan qəzətlərlə hansı fərqlərinin olması barədə kifayət qədər məlumat yoxdur.

24Media bütün bu suallara cavab tapmaq üçün  Azərbaycan Jurnalistlər Həmkarlar İttifaqının sədri, media eksperti Müşfiq Ələsgərliyə müraciət etdi.


Müşfiq bəy, çap mediasının bugünkü vəziyyətini müzakirə etməzdən əvvəl hazırda Azərbaycanda yayımlanan qəzetlərin sayını bilmək istərdik. Dəqiq rəqəmlər varmı?

- Təəssüf ki, Azərbaycanda KİV-lərin informasiya bankını hazırlayan konkret qurum yoxdur. Ümumiyyətlə, bu məsələ araşdırılmır. Bu baxımdan suala konkret cavab vermək çətindir. Fakt odur ki, ölkədə qeydiyyata götürülmüş KİV-lərin sayı ilə  real fəaliyyət göstərən KİV-lərin sayı arasında kəskin fərq vardır. Rəsmi məlumata görə, ölkədə qeydiyyata götürülmüş çap media qurumlarının (qəzetlər, jurnallar) sayı 5000-dən  çoxdur. Amma  bu rəsmi qeydə götürülmüş çap media qurumlarının sayıdır. Qeydiyyata götürülmüş çap media qurumlarının əksəriyyəti sonradan öz fəaliyyətlərini davam etdirmirlər. Bu baxımdan, qeyd etdiyim kimi, qeydiyyatdan keçmiş KİV-lərlə real fəaliyyət göstərən KİV-lər arasında kəskin fərq var. Ortadakı fərq barədə məlumat verən rəsmi qurum yoxdur.

İnformasiya siyasətləri baxımından Azərbaycanda fəaliyyət göstərən mətbu orqanlar iqtidaryönlü, müxalifyönlü və müstəqil hesab olunurlar. Bəs bunların sayları bilinirmi?

- Bu sahədə konkret statistika yoxdur. Ümumiyyətlə, bu bölgü KİV nəzəriyyələrinə ziddir, təəssüf ki, Azərbaycanda bundan geniş istifadə edilir.Söhbət “müxalifət mediadan” yox, tənqidçi mediadan getməlidir. Tənqidçi medianın sayı  kifayət qədər çoxdur. Amma konkret statistika yoxdur.

Məlumatlara əsasən, qəzetlərin tirajı da hər il azalır. Ən çox tirajı olan qəzetlər hansılardır?

- Azərbaycanda hal-hazırda “yüksək tirajlı qəzet” yoxdur. Maksimum tiraj 5-8  min nüsxə aralığındadır. Bu kateqoriya üzrə təqribən  10-a yaxın qəzet var. Əvəzində qəzetlərin onlayn versiyaları yüksək oxunaqlıdır. Onlayn versiyada 100 min izləyici sayını aşmış bir neçə qəzet var.

10 il əvvəlki qəzetlərlə indiki qəzetləri müqayisə etsəz, yaxşı olar, istər kəmiyyət, istərsə də keyfiyyət baxımından.

-  10 il əvvəl qəzetlərin kəmiyyəti çox idi, yüzlərlə qəzet fəaliyyət göstərirdi, tirajları da daha yüksək idi. Ən əsası, regional qəzetlər mövcud idi, normal tirajlarla dərc olunurdular.  Bu gün isə real fəaliyyət göstərən qəzetlərin sayı çox azdır.  İndi mövcud olan qəzetlər multikommunikasiya tipinə uyğunlaşıblar. Yəni, az sayda kağız versiyasında çap olunurlar. Bu o deməkdir ki, qəzetlərin veb səhifələri var- onlayn formada yayımlanırlar, sosial şəbəkələr üzərindən yayımlanan, TV versiyaları var və s.

Daha çox hansı qəzetlər öz fəaliyyətini dayandırır ?

- Ən böyük zərbə regional qəzetlərə, ümumilikdə, regional KİV-lərə dəyib. Onlar konkret olaraq, köməksiz qaldılar və əksəriyyəti fəaliyyətini dayandırdı.  Dövrün şərtlərinə uyğun gələnlər mövcuddurlar, fəaliyyətlərini davam etdirirlər, qalanları isə fəaliyyətlərini dondurublar. Dövrün şərtləri deyəndə, mən müasir kommunikasiya şərtlərinə uyğunlaşanları nəzərdə tuturam.

Lazımi etik qaydalara əməl etməyən qəzetlərə qarşı hansı cəza tədbirləri görülür?

- Bu sahədə cəza yox, ictimai qınaq metodundan istifadə edilir. Etik kodeksi pozan qəzetlərə qarşı Mətbuat Şurası tərəfindən xəbərdarlıq, tövsiyyə və s. formalı variantlardan istifadə edilir. KİV qanununun kobud pozuntuları olduqda isə, bunlar hüquq-mühafizə orqanları müstəvisində həll edilir.

Azərbaycanda qəzet dövriyyəsində çatışmayan cəhətlər hansılardır?

- Qəzetlərin problemləri çoxdur, bu problemləri həll etmək onların imkanları xaricindədir, mütləq dövlət səviyyəsində proqram olmalıdır. Qəzetlərin yayım problemi var, yayım infrastrukturu dağıdılıb, köşklərin sayı çox azaldılıb. Normal ölkələrdə hər 1000 nəfər oxucuya bir köşk fəaliyyət göstərir. Azərbaycanda isə təqribən 10.000 oxucuya bir köşk düşür. Dağ rayonlarına, ucqar kəndlərə qəzet çatdırılmasını təmin edən post daşıma sistemi də, demək olar ki, dağıdılıb. Reklam göstəricisi çox aşağıdır. Bu qədər problemlərin içində normal qəzet hazırlamaq, onu yaşatmaq fədakarlıq tələb edir. Bu gün qəzet çap edənlərin əksəriyyəti ölkə üçün fədakarlıq edirlər.

Paylaş
Şərh əlavə et