Bu gün:

Qadın görməmiş rahib - Mixaylo Tolotos


Heç yaşamadan yaşaya biləcəyimiz çox şey var. Bəzi insanlar bütün həyatları boyu heç vaxt təyyarə ilə uçmayıblar və ya başqa bir ölkədə tətil etməyiblər. 

Bütün həyatları boyu bir damla içki dadmadan yaşaya bilən insanlar vardır. Bəzi insanlar isə okeanı heç vaxt öz gözləri ilə görmədən həyat sürüblər.

Mixaylo Tolotos Yunanıstanın Kalsidik şəhərindən olub. 

Bir insanın qarşı cinsin nümayəndəsi ilə görüşmədən bütün həyatını yaşaması son dərəcə çətindir. Ancaq Mixaylo Tolotosun bacardığı da elə budur. 

Səkkiz onillikdən çoxdur ki, o, müasir dünyadan uzaqda tək yaşamağa üstünlük verən, qadını heç vaxt canlı görməyən biri olub.

Mixaylo Tolotos bu qeyri-adi qərarı niyə verdi və bu qərar onun həyatına necə təsir göstərib? 

Mixaylo Tolotosun ilk illəri:

Mixaylo Tolotosun hekayəsi 1800-cü illərdə Yunanıstanın Kalsidiki yarımadasında başlayıb. O dövrdə Yunanıstan faktiki olaraq iflas edib, yoxsulluq geniş yayılıb və təhsil səviyyəsi çox aşağı olub. 

Yunan vətəndaşları üçün işlər o qədər pis olub ki, təxminən bu dövrdə bir çoxları daha yaxşı bir həyat axtararaq ABŞ-a mühacirət ediblər.

Mixaylo 1856-cı ildə dünyaya gələndə, yalnız dörd saat sonra anası doğuş fəsadları səbəbiylə faciəvi şəkildə ölüb. 

Bir müddət xəstəxanada Mixayloya baxıblar və onun atasının oğlunu götürməyə gələcəyini gözləyiblər. Lakin atası gəlmədikdə və ailə üzvlərindən heç biri uşağı sahiblənmədikdə, yenidoğulmuş körpə Athos monastırının pilləkənlərinə qoyulub.

Uşağı tapan rahiblərin onu götürüb özlərindən biri kimi böyütməkdən başqa çarəsi qalmayıb. Rahiblər ona qarşı inanılmaz dərəcədə sərt olublar və subaylıq andı da daxil olmaqla, qurduqları adət və qaydalara hər zaman riayət ediblər. Oğlanı da eyni standartlara uyğun böyüdüblər. 

Subaylıq andına sadiq qalmaq, monastır icmasının ciddi şəkildə riayət etdiyi "Avaton qaydası" ilə dəstəklənib. Bunun sayəsində monastır icması qadınların öz bölgələrinə buraxılmamasını təmin edib və bu da subaylıq andlarına riayət etmələrini asanlaşdırıb. 

Bu qayda 10-cu əsrə aid olub və rahiblərin "təmizliyini" qorumağa xidmət edib. 

Bu bölgəyə giriş hətta dişi heyvanlar üçün də qadağan edilib,ancaq rahiblərin bir istisnası olub: dişi pişiklərin siçan ovlamaq qabiliyyətinə görə monastırın ərazisində olmasına icazə verilib. 

Bundan əlavə, monastıra daxil olan hər bir məxluq kişi olmalıdır. Bu qayda min illərdir mövcuddur və bu günə qədər qüvvədədir.

Bununla belə, Müqəddəs Athos dağını ziyarət etmək istəyən qadınlar üçün kiçik bir istisna mövcuddur: burada ziyarətçilərin ayaq basa biləcəyi kiçik bir torpaq zolağı mövcuddur, ancaq bunun üçün icazə istəmələri lazımdır. Onların girişinə yalnız ciddi geyim formasında gəldikdə icazə verilir.

Athos monastırının rahibləri inanırdılar ki, yalnız müxtəlif zövqlərdən çəkinərək və sərt, sadə bir həyat tərzi sürərək tam mənəvi maariflənməyə nail ola bilərlər. 

Balaca Mixaylonun uşaq ikən digər kiçik oğlanların yaşadıqlarını yaşamaq şansı olmayıb. Göydə bir təyyarə, yolda bir avtomobil və ya bir fotoşəkil görməyib. 

Dünya inkişaf edərkən, Mixaylo Tolotos müasir dünyadan uzaq duraraq monastır sığınacağında qalıb. Həyatın möcüzələri və heyrətamiz mənzərələri ilə tanışlıq onun mənəvi maariflənməsinə mane olacağı üçün daim monastırda qalıb

Mixaylo qadınlardan qaçaraq maariflənmə axtarırdı. 

Axı rahiblərin monastır divarlarının arxasında nə olduğunu soruşmasına icazə verilməyib — Mixaylo yəqin ki, heç vaxt heç nə soruşmadığı üçün yalnız dünyanın necə olduğunu təxmin edib.

Bəlkə də Mixaylonu monastır divarlarının arxasında saxlayan qorxu olub. Monastır inanılmaz dərəcədə sadə bir həyatı olan təhlükəsiz bir yer olub; xarici dünya onun gözlərində öz hüdudlarından kənara çıxmağa cəsarət etməsi üçün çox qorxunc görünə bilərdi. 

Beləliklə, Mixaylo özünə qarşı çox intizamlı olub, dindən və adi yaşamaq tələblərindən başqa hər şeydən çəkinib və təmizliyi qorumaq üçün əlindən gələni edib.

Onilliklər keçib və bu illər ərzində Mixaylo "xarici" dünyadan bir çox insanla tanış olub: dağa gələn qonaqlar və ya rahiblərin həyatını yaşamağa çalışmaq istəyən kişilər. 

Bu insanlardan hər hansı birinin Mixayloya dünyanın möcüzələri, məsələn, yayım, elektrik paltaryuyan maşınlar və tozsoranlar haqqında danışıb-danışmadığını düşünmək çətindir. Bu cihazların hamısı Mixaylonun həyatı dövründə icad edilib, lakin o, heç vaxt bunlarla qarşılaşmayıb və böyük ehtimalla onların mövcudluğundan belə xəbərsiz olub.

1938-ci ildə Mixaylo Tolotos 82 yaşında vəfat edib. Rahib yoldaşları onun üçün xüsusi bir dəfn mərasimi keçirdiblər, çünki o, heç vaxt qadın görməyən yeganə şəxs idi. 

Bütün digər rahiblər mənəvi xidmətə başlamazdan əvvəl qadınlarla əlaqələri olub; bəzilərinin anaları, digərlərinin isə monastıra gəlməzdən əvvəl münasibətləri olub.

Mənbə: Historic Flux

Tərcümə etdi: Səid Quliyev

Paylaş
Şərh əlavə et