Bu gün:

“Teatr bir güzgüdür...”-Aktyor Vahid Orucoğlu ilə müsahibə


Bir sıra teatr tamaşalarında, seriallarda və filmlərdə canlandırdığı obrazlarla tanınan aktyor Vahid Orucoğlu film və teatr sahəsinə dair düşüncələrini 24media.az ilə bölüşüb. Aktyorluq sənəti ilə yanaşı, o, Bakı Dövlət Universitetinin Teatr Dərnəyində rejissor kimi də fəaliyyət göstərir.

Onun rejissorluğu ilə səhnəyə qoyulmuş tamaşalar arasında “Qarabağ Azərbaycandır!”, “Ana”, “Yarımçıq qalmış”, “Ölülər”, “Müalicə“Arzu və Murad” kimi əsərlər xüsusi yer tutur.


Vahid Orucoğlu, ilk növbədə, rejissor olaraq ən çox maraqlandığı mövzular və əsərlərində çatdırmağa çalışdığı mesajlar barədə məlumat verib.

“Dərnək səviyyəsində rejissorluq fəaliyyətimi nəzərə alsaq, istər yerli, istərsə də xarici, klassik və ya müasir ədəbiyyatda bu günə qədər qurduğum tamaşalarda mövzusundan asılı olmayaraq gənclərə bir mesaj verməyə çalışmışam. Teatr bir güzgüdür! Məncə, hər kəs-gənc, orta və ya yaşlı nəsil tamaşadan özünə uyğun bir mesaj götürməlidir. Mən müəllimlərimdən bunu öyrənmişəm və ötürdüyüm mesajı tamaşalarda mümkün qədər vurğulamağa çalışmışam ki, zalda əyləşənlərin ən azı 5%-i bu mesajı anlaya bilsin.

Quruluş verdiyim əsərlərdə gənclərlə birgə işləməyə və onların fikirlərini ön plana çəkməyə xüsusi diqqət yetirirəm. Çünki gənclərin teatr səhnəsində hansı tamaşaları görmək istədikləri mənim üçün çox maraqlıdır və onların rəylərini həmişə dəyərləndirirəm. Bu yanaşma ilə H.Cavidin “Ana”, C.Məmmədquluzadənin “Ölülər” və “Qarabağ Azərbaycandır!” kimi əsərlərini səhnələşdirmişəm. Bu tamaşaların müəllifləri tələbələr olub, bu isə mənim üçün xüsusi əhəmiyyət daşıyır.

Gənclərlə işləməyin vacibliyini nəzərə alaraq, bir dəfə “Azərbaycanın teatr səhnələrində hansı mövzuda tamaşalar görmək istəyərdiniz?” adlı sorğu keçirdim. Qəribə və eyni zamanda sevindirici məqam o oldu ki, gənclərin çoxu vətənpərvərlik mövzusunda tamaşalar görmək istədiklərini bildirdilər. Bu məni qürurlandırdı və həmin marağa uyğun olaraq vətənpərvərlik ruhunda “Yarımçıq qalmış” əsərini səhnələşdirdim.

Çox istərdim ki, 44 günlük Vətən müharibəsi ilə bağlı da pyeslər yazılsın. Bu əsərləri səhnəyə daşımaq mənim üçün böyük şərəf olardı”.

Daha sonra müsahibimiz texnologiyanın və sosial medianın müasir teatr və sənət dünyasına təsirindən danışıb:

“Məncə, hazırda digər teatrlar da bu mövzu üzərində çalışır. Çox istərdim ki, teatrların reklam menecerləri sosial şəbəkələr vasitəsilə daha aktiv işlər görsünlər. Çünki bu gün qəzet və televiziyaya olan tələbat, demək olar ki, yox dərəcəsindədir. Əslində, çalışırlar, lakin müasir texnologiyaların hər sahədə istifadəsində müəyyən gecikmələr var. Xüsusilə, teatrlar, tamaşalar və aktyor heyəti müasir texnologiyalardan nə qədər çox istifadə etsələr, bir o qədər yaxşı nəticələr əldə edə bilərlər”.

Vahid bəy gənc aktyor və rejissorlara səbirli və iradəli olmağı tövsiyə edib:

“Texnologiya dövrü olduğuna görə hər şey əla görünür, amma aktyor və ya rejissor olmaq indiki dövrdə bir qədər çətindir. Gənclərimizə bu yolda inamlı olmağı arzu edirəm. Əgər bu sahəni seçiblərsə, demək ki, istedadlı və istəklidirlər. Onlara tövsiyəm odur ki, bu istəyin ardınca getsinlər və qətiyyən ruhdan düşməsinlər!”

Sonda aktyor Azərbaycanda tarixi serialların çəkilməsinin vacibliyini vurğulayıb:

“Bu məsələ rejissorlar və prodüserlərlə aramızda müzakirə mövzusudur. Çünki belə layihələr üçün xüsusi sponsor dəstəyi lazımdır. Hamımız anlayırıq ki, tarixi film və ya serial çəkmək kifayət qədər böyük büdcə tələb edir. Fikrimcə, bu, çətin bir məsələ deyil və tezliklə bu sahədə də uğurlarımız olacaq, inşallah”.


Fidan Şahbazlı

Paylaş
Şərh əlavə et