Bu gün:

İnsanın özünü başa düşməsi və tanıması nəyə görə çətindir?


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının bu dəfəki qonağı psixoloq Nizami Orucovdur. O, insanın özünü başa düşməsi və tanıması haqqında danışıb.

– İnsanın özünü başa düşməsi və tanıması niyə çətindir və insan özünə kənardan baxmağı necə öyrənə bilər?

-Bu gün texnologiyanın sürətli inkişafı insanlara daha çox imkanlar yaratsa da, paradoksal olaraq, özümüzə ayırdığımız zaman azalır. Həyatın getdikcə daha əlçatan olması insanları öz maraqlarını başqalarına yönəltməyə vadar edir. Nəticədə, insanlar daxili dünyalarından uzaqlaşır, emosional və mənəvi ehtiyaclarını ertələyirlər. Bir də ayılırlar ki, üzərini örtdükləri və ertələdikləri məsələlər onları daxili böhrana sürükləyib.

Özünü tanımaq üçün insan, hər şeydən öncə, özünə zaman ayırmalı və həyat təcrübələrindən çıxardığı nəticələri dərk etməlidir. İnsan nələri sevib-sevmədiyini, nəyi istəyib-istəmədiyini, harada və nə edərkən özünü hüzurlu hiss etdiyini bilirsə, demək, o, özünü kəşf etməyə başlayıb. Böhran və sınaq anlarında insanın əsl daxili mənliyi üzə çıxır, bəzən isə gözlənilməz reaksiyalar baş verir. Bunun qarşısını almağın yolu həyatımız qaydasında olarkən özümüzə diqqət ayırmaqdır.

Özümüzə kənardan baxa bilmək, gündəlik həyatda davranışlarımızı və onların səbəblərini araşdırmaq bizə daha yaxşı özünüanlama imkanı yaradır. Reaksiyalarımızı sanki bizi müşahidə edən ikinci bir şəxs varmış kimi analiz etmək özümüzlə daha dərin məşğul olmağa kömək edir. Qısacası, özümüzlə maraqlanmaq və daxili dünyamıza yatırım etmək əsasdır.


Günay Ələskərova



Paylaş
Şərh əlavə et