Pablo Pikassonun yaradıcılığına təsir edən əsas rəssamlar Edvard Munk, Henri Tuluz-Lotrek, Pol Sezan, Anri Russo və Jorj Brak olub. Brak ilə birlikdə Pikasso kubizm cərəyanını yaradıb. Avropa incəsənət məktəbində klassik təhsil alan Pikasso, Munk vasitəsilə impressionizmi, Lotrek vasitəsilə post-impressionizmi mənimsəyərək simvolist kimi inkişaf etdirib. O, Sezan və Russonun təsiri ilə arxaik və qəbilə sənətindən öyrəndiklərini kubizmə tətbiq edib.

Uzun karyerası boyunca Pikasso incəsənət tarixində öz yerini tapmağa çalışıb. İncəsənət tarixçiləri onun son dövr əsərlərini Velaskes, Qoya və Rembrandt kimi köhnə ustalarla dialoqlar kimi dəyərləndirirlər. Ömrünün böyük hissəsini Fransada keçirən Pikasso burada dövrün sənət tendensiyaları və məktəblərindən təsirlənib. O, mifologiyadan və xəyallardan ilham alaraq ruhun vizual dilini qurmağa çalışan simvolizm cərəyanını öyrənib. Pikasso Munka müraciət edərək ruhların təbiətini araşdırıb, Lotrek isə onun məşhur "Mavi Dövr"ündə rəng palitrasına və mövzularına (fahişələr və yoxsul insanlar) təsir edib.
1897-ci ildən başlayaraq Pikasso rənglərlə təcrübələr aparıb, "Mavi Dövr"dən "Çəhrayı Dövr"ə keçid edib, narıncı, qırmızı, bənövşəyi və yaşıl rənglərdən istifadə edib. Bu təcrübələr Sezan və Russonun sadəlövh sənətindən təsirlənən post-impressionizm və ibtidai sənətə marağı ilə birləşib. Brak ilə birlikdə kubizm cərəyanını inkişaf etdirən Pikasso bucaqlı formalar, mücərrəd strukturlar və müxtəlif rənglərdən istifadə edərək mövzuları təhlil edib, onları yenidən yaradıb. Kubizm cərəyanı Pikassonun kollaj texnikasını icad etməsinə və qarışıq media ilə işləməsinə gətirib çıxarıb.
Pikassonun sənəti rəng, forma və texnikalarla təcrübələrin birləşməsi olub və onun yaradıcılığı müasir incəsənətdə yeni istiqamətlərin yaranmasına təkan verib.
Mənbə: 411answers.com
Tərcümə etdi: Gülçin Abdullayeva
