Bu gün:

Azərbaycanda müasir rəqsin inkişaf prespektivləri- Rəqqasla müsahibə


24Media.az-ın növbəti qonağı Azərbaycanın "hip-hop" və "all styles” istiqamətlərində mükafatçısı Fəriz Musayevdir. O, Azərbaycanda rəqs istiqamətlərinin inkişafı ilə bağlı fikirlərini bölüşüb.

  -Müasir rəqs istiqamətləri Azərbaycanda getdikcə populyarlaşır. Bu gün gənclər arasında ən çox tələb olunan rəqs üslubları nələrdir?

Hazırda Azərbaycanda və dünyada ən çox tələb olunan rəqs növü “hip-hop”dur. Bu janrın müxtəlif növləri mövcuddur: xoreoqrafiya, freestyle (popping, locking, crump, tatting və s.) və digərləri. Azərbaycanda “hip-hop” ümumi bir kateqoriya altında tədris olunur və xüsusilə gənclər arasında böyük maraq doğurur. Bununla belə, bu sahədə aktiv olanların əksəriyyəti qızlardır, oğlanlar isə əsasən “break dance” istiqamətinə üstünlük verirlər.


    -Azərbaycan Beynəlxalq Rəqs Arenasında artıq uğur qazanıb, amma ölkəmizi rəqs sahəsində yeni səviyyəyə qaldırmaq üçün hansı addımlar atılmalıdır? 

Azərbaycan beynəlxalq rəqs arenasında müəyyən uğurlar qazansa da, ölkəmizi rəqs sahəsində daha yüksək səviyyəyə qaldırmaq üçün əlavə addımlar atılmalıdır. Təəssüf ki, Azərbaycanda dünya səviyyəsində rəqs mütəxəssislərinin sayı azdır. Nazirliyin dəstəyi ilə rəqqaslarımız bir sıra beynəlxalq tədbirlərdə ölkəmizi təmsil etsələr də, əsas diqqət daha çox “hip-hop”, “break dance” və bəzi klassik üslublara yönəlib. Məsələn, Avropa və dünya çempionatlarında balet və latın rəqslərində uğur qazanan rəqqaslarımız olsa da, digər müasir üslublar yetərincə dəstəklənmir. Bu istiqamətlərin inkişafı üçün Gənclər və Mədəniyyət Nazirliyi tərəfindən daha geniş dəstək göstərilməlidir ki, gənclər yaradıcılıq sahəsində irəliləyə bilsinlər.


   -Hansı müasir rəqs istiqamətləri gələcəkdə Azərbaycanda inkişaf üçün ən böyük potensiala malikdir və nə üçün? 

Dünyada trend olan, lakin Azərbaycanda hələ populyarlıq qazanmayan bir çox rəqs üslubu mövcuddur. Məsələn, “Vogue”, “Afro” və “House” kimi üslublar xaricdə çox tələb olunur, amma ölkəmizdə bu istiqamətlərə maraq zəifdir. Buna baxmayaraq, milli rəqslər ölkəmizdə hər zaman üstünlük təşkil edir. Xoreoqrafiya Akademiyasını bitirən məzunlar, əsasən, bu istiqamətdə  müəllim və ya rəqqas kimi fəaliyyət göstərirlər.


Fatimə Kərimli

Paylaş
Şərh əlavə et