Bu gün:

Ural dağlarında qəribə hadisə : Dyatlov keçidi


1959-cu il yanvarın 27-də Sovet İttifaqının Ural Politexnik İnstitutunun 9 tələbədən ibarət qrupu Ural dağlarının şimalına ekspedisiya üçün yola düşüb. Onların məqsədi “Qora Otorten” dağına çatmaq idi. Lakin ekspedisiya zamanı onlar yerli Mansi dilində “Ölüm dağı” mənasını verən “Xolat Syaxl” dağının şaxtalı və sərt yamaclarına çatıblar, ancaq məqsədlərinə nail ola bilməyiblər. Tələbələrin ölümü çox müəmmalı olub və bu hadisə tarixə “Dyatlov aşırımı hadisəsi” kimi düşüb. Bu faciə ilə bağlı müxtəlif nəzəriyyələr irəli sürülüb – çaxnaşma yaradan səs dalğalarından tutmuş yadplanetlilərə və gizli hərbi təcrübələrə qədər.


1959-cu il fevralın 26-da alpinistlərin çadırları yırtılmış vəziyyətdə, içərisində bütün əşyaları ilə birlikdə tapılıb. Çadırın ətrafındakı qar üzərindəki ayaq izləri onların ayaqyalın, yalnız corab və ya tək bir çəkmə ilə çadırı tərk etdiklərini və uzaqlaşarkən yollarını itirdiklərini göstərirdi.


Fevralın 27-də ilk iki cəsəd sidr ağacının altında, yanğın qalıqları ilə birlikdə aşkar edilib. Bu iki nəfərin bədənində yanıq izləri olub, onlardan biri hətta öz əllərini dişləyib və hər ikisi yalnız alt paltarda olub. Daha üç cəsəd çadırla ağac arasındakı sahədə donmuş vəziyyətdə tapılıb. Onların son vəziyyəti düşərgəyə qayıtmağa çalışdıqlarını göstərib.


Sonuncu dörd cəsəd isə təxminən üç ay sonra, mayın 4-də qarın 4 metr dərinliyində, ağacdan 75 metr aralıda olan bir xəndəkdə tapılıb. Onların bəzilərinin başında və döş qəfəsində ağır sınıqlar olub, ciddi xəsarət izləri aşkar edilib.


Nə üçün bu təcrübəli alpinistlər çadırlarından bu qədər az avadanlıqla çıxıblar? 

Bəziləri bu hadisə ilə bağlı yadplanetliləri günahlandırır. İddialara görə, hadisə zamanı səmada qəribə işıqlar görünüb, alpinistlərin bəzilərinin paltarlarında radiasiya izləri tapılıb. Bu amillər bəzilərində ölümlərin gizli hərbi və ya “DTK”əməliyyatının nəticəsi olduğuna inanmağa səbəb olub. Digərləri, aşağı tezlikli səs dalğaları yaradan və narahatedici psixoloji təsirlərə səbəb ola bilən külək forması olan “Karman burulğanlarının” alpinistlər arasında çaxnaşmaya səbəb olduğunu düşünüblər. Digər nəzəriyyələr isə daha qeyri-adi versiyalara əsaslanır. Məsələn, 2014-cü ildə yayımlanan "Discovery Channel" sənədli filmində mifoloji qar canavarının alpinistlərin ölümündə rol oynadığı iddia edilib. Bu nəzəriyyə alpinistlərdən birinin çəkdiyi, qar canavarına aid olduğu güman edilən, əslində isə qar paltarı geymiş birinə aid olduğu ehtimal olunan fotoşəkil əsasında ortaya atılıb.


Qar uçqunu nəzəriyyəsi uzun müddət şübhə doğurub, çünki ona qarşı çoxlu sübutlar olub. Əvvəlcə, xilasedicilər hadisə yerində heç bir qar uçqunu izi tapmayıblar və yamacın bucağı adi bir uçqun baş verməsi üçün kifayət qədər dik olmayıb. Bundan əlavə, alpinistlərin sinə və kəllə sümüklərindəki xəsarətlər, tipik qar uçqunu qurbanlarında rast gəlinən zədələrdən fərqlənirdi. Bununla belə, son araşdırmalar göstərib ki, müəyyən nadir qar uçqunu növləri “Dyatlov hadisəsində” alpinistlərin aldığı xəsarətlərə bənzər nəticələrə səbəb ola bilər.


Mənbə: BBC

Tərcümə etdi: Dilbər Paşazadə

Paylaş
Şərh əlavə et