Bu gün:

"Sevdiyimiz işlə məşğul ola bilməmək bizi tükəndirir."


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının budəfəki qonağı ailə və uşaq psixoloqu, təlimçi Aynur İsmayılovadır. O, tükənmişlik sindromu və onun həll yollarından danışıb.

-Burnout (tükənmişlik sindromu) ilə necə mübarizə aparmaq olar? Özünüdərk və şəxsi inkişafı gücləndirmək üçün hansı praktik addımları təklif edirsiniz?

Tükənmişlik sindromu müasir dövrün ən aktual problemlərindən biridir və çox insan bu vəziyyəti yaşayır. Bu sindrom, əsasən, öz sevdiyi işlə məşğul ola bilməyən şəxslərdə daha çox müşahidə olunur. Bundan əlavə, iş stressi, şəxsi qarşıdurmalar, konfliktlər, işdə yaranan qruplaşmalar və rəhbərlikdən gələn təzyiqlər də tükənmişlik sindromunun yaranmasına səbəb ola bilər.

Psixoloji cəhətdən zəif, tez həyəcanlanan və təşvişə düşən insanlar bu sindromdan daha çox əziyyət çəkirlər. Sevdiyi işlə məşğul olmamaq insanın enerjisinin tükənməsinə, işindən zövq almamasına və yalnız maaş xatirinə işləməsinə səbəb ola bilər. Zamanla bu vəziyyət həmin insanın motivasiyasının azalması, həvəssizlik, enerjisizlik, heç bir işlə məşğul olmaq istəməmək və özünə qapanma ilə nəticələnir. Bu proses müddətində həmin şəxslərdə tez-tez qrip və soyuqdəymə kimi xəstəliklər də ortaya çıxır.

Tükənmişlik sindromu bəzi hallarda depressiyaya bənzəsə də, tam olaraq depressiya adlandırıla bilməz. Çünki bu vəziyyətdə olan insanlar özlərini günahlandırmaqdan çox, ətrafdan uzaqlaşmağı və özlərini qorumağı üstün tuturlar.

Tükənmişlik sindromundan uzaq qalmaq üçün mütəmadi istirahət etmək, sevdiyiniz işlə məşğul olmaq, həmçinin iş və şəxsi həyat arasında balans yaratmaq vacibdir. Planlı və nizamlı şəkildə çalışaraq bu sindromun qarşısını ala bilərsiniz.

Aytac Musayeva 

Paylaş
Şərh əlavə et