"İncəsənətin inciləri" rubrikası Van Daykın " l Çarlzın üçlü portreti" əsərini təqdim edir.

Flaman rəssam Antonis Van Dayk ömrünün mühüm bir hissəsini İngiltərə sarayında Kral I Çarlzın saray rəssamı olaraq keçirib. Van Dayk kralın, kraliçanın və zadəganların portretlərini çəkərək İngilis kral ailəsi ilə bağlı geniş portret arxivi yaradıb.
Əsərdə Kral I Çarlz üç fərqli pozada təsvir edilib. Sol tərəfdə profildən, ortada tamaşaçı ilə birbaşa göz təması quran formada və sağda isə üçdə iki görünüşdə təsvir olunan Kral Van Daykın digər portretlərində olduğu kimi real görünüşü ilə seçilir. Sərrast və incə üzü, uzun qəhvəyi saçları, açıq dərisi, iri gözləri, sallanan göz qapaqları, uzun burnu və irəli çıxan çənəsi ilə Van Dayk tərəfindən əbədiləşdirilən Çarlz bu üçlü portretdə də rəssamın daim təsvir etdiyi eyni görünüşlə tamaşaçı qarşısına çıxır.
Əsərdə Çarlzın yalnız bir baxış bucağında deyil, üçlü portret şəklində göstərilməsi olduqca qeyri-adidir. Bunun səbəbi əsərin bir portret kimi nümayiş üçün deyil, eskiz və təlimat rəsmi kimi hazırlanmasıdır. Əsərin məqsədi, kralın mərmərdən büstünü hazırlamaq üçün təyin edilmiş məşhur heykəltəraş Bernininin rəhbərlik edəcəyi iş üçün Roma şəhərinə göndərilməsi olub. Heykəltəraşa kralın üzünü müxtəlif bucaqlardan görmək imkanı verən bu əsərin bir tuvaldə fərqli baxış bucaqlarını təqdim etmə üsulunun daha qədim bir əsərdən ilhamlandığı güman edilir. İngiltərə kolleksiyasında saxlanılan, italyan rəssam Lorenso Lottonun "Üç Pozada Bir Adamın Portreti" əsərinin Van Dayka ilham verdiyi düşünülür. Eynilə, Van Daykın bu əsəri daha sonra fransız rəssam Şampaninin "Kardinal Rişelyönün Üçlü Portreti" əsərinə ilham qaynağı olub.
Görünüş baxımından təsir edici olmayan Kral Çarlz Van Daykın diqqətçəkən təsvir üslubu və istifadə etdiyi detallar sayəsində daha əlamətdar bir görünüş qazanıb. Əsərdə kralın hər bir pozası üçün fərqli əzəmətli rənglərdə (göy, qırmızı və bənövşəyi) geyimlər seçilmişdir. Rənglərlə yanaşı, kralın boynundakı yaxalıqların müxtəlif naxışlara malik olması diqqət çəkir. Vizual olaraq təsir edici olan bu geyimləri tamamlayaraq rəssamın başqa portretlərində də olduğu kimi Van Dayk sağdakı pozada kralı iri inci sırğası ilə təsvir edib və onun əzəmətini vurğulayıb. Geyimlərlə yanaşı, kralın hər üç pozasında boynunda asılı olan "Ən Nəcib Qarter Ordeni" adlı cəngavərlik nişanı diqqət çəkir. Orta pozada birbaşa görünən bu nişan digər iki pozada isə açıq mavi lent vasitəsilə vurğulanıb. Bu nişan kralın zadəganlığını təsdiqləyir. Van Daykın böyük incəliklə təsvir etdiyi bu detallar rəng və naxışların əzəməti ilə zəngin arxa plandakı göy üzü əsəri eskiz olmaqdan çıxarıb şah əsərə çevirib.
Kral Çarlzın dövründə İngiltərə Roma ilə yaxın münasibətdə idi. Əslində, İngiltərənin Anqlikan kilsəsi Roma Katolik kilsəsindən müstəqil idi. Xüsusilə, katolik olan həyat yoldaşı Henrietta ilə diqqət çəkən kral dövrün papası VIII Urbanla da yaxın münasibətlər qurub. İngilis Anqlikan kilsəsi ilə Katolik kilsəsini yaxınlaşdırmağa çalışan papa bu məqsədlə Vatikanın rəsmi heykəltəraşı Berniniyə İngilis kralının büstünü hazırlamağı tapşırıb.
Əsər Roma şəhərinə çatdırıldıqdan qısa müddət sonra büst tamamlanaraq Londona göndərilib. Kraliyət dairələri tərəfindən krala inanılmaz dərəcədə oxşadığı üçün bəyənilən bu büst təəssüf ki, uzun ömürlü olmayıb, bir yanğında məhv olub. Büst kimi Kral I Çarlzın həyatı da qısa müddətdə sona çatıb. 12 il sonra baş verən vətəndaş müharibələri nəticəsində ölkədə yaranan xaos səbəbilə parlament kralın idarəetməsini kifayət qədər yaxşı hesab etməyib və onu vətənə xəyanət ittihamı ilə məhkəməyə çıxararaq xalq qarşısında edam etdirib.
Mənbə: sanatabasla.com
Tərcümə etdi: Talehə Hüseynzadə
