24media.az-ın budəfəki qonağı psixoloq Nabat Mirzəyevadır. O, azyaşlı uşaqların etdiyi yemək seçimləri və bunun səbəblərindən danışıb.
-Azyaşlı uşaqlar nə üçün yemək seçimi edirlər və bu prosesdə daha çox hansı qidalara üstünlük verirlər? Bu valideynin onları tərbiyə etmə şəklindən asılıdır yoxsa uşağın genetik xüsusiyyətindən?
İlk olaraq, hər bir uşaq fərqli və fərdidir. Uşaqlarda yemək seçimi etmək normal haldır. Bu, uşaqlarda yavaş-yavaş "mən" ifadəsinin formalaşması deməkdir. "Mənim istədiyim, xoşladığım" öz sevdiyim yeməyi seçəcəyəm deməkdir və bu da normal hal olduğu üçün uşaqların yeməklərdə seçicilik etməsi adi hal kimi qəbul edilir. Uşaqlarımıza doğru rəftarla yanaşdığımız müddətcə bu proses kəskinləşməyəcək və zamanla öz balansını qoruyacaq. Hər bir uşaq nə qədər fərdi və fərqli olsa da, əgər uşaqlarda qidalanma pozuntusu varsa və onlar bir çox faydalı qidaları yeməkdən imtina edirlərsə, zərərli yeməklərə daha çox meyillidirlərsə, bu zaman valideynlər uşaq pediatrına və ya uşaq psixoloqa müraciət etməlidirlər ki, övladlarına lazımi yardım göstərilsin. Bu müddətdə valideyn səbrli və təmkinli olmalı, övladlarına həssas yanaşmalıdırlar. Bəzi qaydalar var ki, məsələn, yeməkdən 20-30 dəqiqə əvvəl su qəbul olunmamalıdır və uşağa öyrəşdiyi yeməklə bərabər, yeni əlavə edilən qidaları da balanslı şəkildə verməlidirlər. Adətən övladlarımıza nəyi qadağa ediriksə, onu etməyə daha çox meyilli olurlar, yəni dediyimizin əksinə davranırlar. Ona görə də, bu qidaların övladlarımıza necə zərər yetirə biləcəyi və ya necə faydalı ola biləcəyi haqqında məlumat verməliyik.
Bəzən elə olur ki, övladımız heç sevmədiyi yeməyi müəyyən bir vaxt keçdikcə sevə bilərlər, ancaq bunun hər hansı bir defisitə yol aça biləcəyə görə valideynlərin övladlarını uşaq pediatrına aparmağı tövsiyə edilir. İndiki dövrdə uşaqlar adətən şirniyyata və ya yaxud zərərli qidalara üstünlük verirlər, amma biz onları əvəz edəcək qidalarla (ləpələr, meyvələr və başqa qidalar) təmin etməliyik. Sözsüz ki, sözügedən bu qidaları da övladlarımızın gözü görə biləcək və əli çatacaq yerlərə qoymalıyıq. Zamanla övladlarımıza bəzi qidaların nə üçün zərərli və ya zərərsiz olduğunu "fast food bədəndə bir sıra zərərlərə səbəb ola, yaddaşına mənfi təsir göstərə bilər, lakin meyvə sənə daha çox güc verəcək, sağlam böyüməyinə imkan yaradacaq" kimi sözlərlə başa salmağa çalışmalıyıq. Bu vaxt ərzində uşaqları tərbiyə etmə şəkli də önəmlidir. Biz övladlarımızın üstünə qışqıraraq ona nəyisə zorla sevdirə bilmərik və ya onu qorxudaraq nəyəsə məcbur edə bilmərik. Burada genetik xüsusiyyətlərində özünü göstərməsi qaçınılmazdır, ancaq biz bunun əksinə də hərəkət edə bilərik. Övladımız ac olduğu zamanlarda faydalı qidaları onlara aram-aram yedizdirməklə, səbrlə öyrəşməsinə kömək ola bilərik. Həmçinin yeməkləri onların diqqətini çəkəcək tərzdə (fiqur şəklində və ya bəzək verərək) hazırlamalıyıq, çünki uşaqlar daim öz xəyal dünyasında yaşayırlar və biz də onların maraq dünyasına xitab edəcək şəkildə onları sağlam qidalarla təmin etməliyik.
Aytac Musayeva
