
Sverdlovsk vilayətində tərk edilmiş Rastes kəndi var. Orada altmış ildən artıqdır ki, heç kim yaşamır, evlər sökülüb, həyətlər, yollar alaq otları ilə örtülüb. Ovçular və səyyahlar bu yerdən keçməməyə çalışırlar.
16-cı əsrin sonunda Sibir xanlığının süqutundan sonra Boris Godunov Avropadan Asiyaya gediş-gəliş üçün əlverişli yolun tikintisi ilə bağlı kral fərmanını imzalayıb və tikintiyə başlanıb. Yol boyu yaşayış məntəqələri inşa edilib.
Bu yaşayış məntəqələrindən biri də Rastes olub. Təxminən yarım əsr ərzində bu yol Sibirə gedən əsas yol, Rastes kəndi isə ən mühüm məntəqələrdən biri olub. Lakin Sibir-Moskva yolu çəkildikdən sonra köhnə yolun əhəmiyyəti getdikcə azalmağa başlayıb və 1763-cü ildə rəsmi olaraq bağlanıb. Bununla belə, Rastes kəndi tərk edilməyib və hətta on doqquzuncu əsrdə onun yaxınlığında qızıl və platin yataqlarının aşkarlanması ilə yeni çiçəklənmə dövrünü yaşayıb. XX əsrin ortalarında müəmmalı şəkildə tərk edilənə qədər o, Sovet dövründə belə öz sənaye əhəmiyyətini qoruyub saxlayıb.
1950-ci illərdə nə baş verdiyi hələ də məlum deyil. Nə baş verdiyini deyə biləcək heç bir şahid, heç bir iz qalmayıb. Günlərin bir günü Rastesdən bir neçə on kilometr aralıda yerləşən ən yaxın Kıtlım qəsəbəsinin sakinləri uzun müddətdir ki, qonşu kəndin bir sakinini də görmədiklərini fərq ediblər. Yerli əhali yığışıb nə baş verdiyini öyrənmək üçün ora gedib. Qonşuların qarşılaşdığı mənzərə onları heyrətə salıb. Kənardan Rastessada hər şey həmişəki kimi görünüb: evlər toxunulmamış, mal-qara və ev quşları öz yerində idi, baxmayaraq ki, bəzi heyvanlar açıq-aşkar ac görünürdü.
Ancaq yaxınlaşdıqca qəribə bir şeyin baş verdiyi aydın olub. Bütün kənddə bir nəfər belə yox idi. Üstəlik, görüntüdən elə bir fikir yaranıb ki, sanki kəndin bütün sakinləri bir göz qırpımında yoxa çıxıblar: evlərin pəncərələri açıq, qapıları açılıb, stolların üstündə nahar və ya şam yeməyi yarımçıq qalıb. Kəndi və ətrafını axtarmağa davam edən insanlar daha bir müəmma ilə qarşılaşıblar. Məlum olub ki, yerli qəbiristanlıqda çoxlu qəbirlər qazılıb. Bununla belə, Rastes sakinlərinin hara yoxa çıxa biləcəyi ilə bağlı heç bir ipucu tapılmayıb.
Rastesə ilk ekspedisiya 2005-ci ildə bir səyyah tərəfindən edilib. Kənd əlçatmaz olduğundan toplanmış material bu rayonun tarixini öyrənmək üçün kifayət etməyib. İndi Rastes alaq otları ilə örtülüb və geridə yalnız bir neçə bina xarabalığı qalıb.
Mənbə: mirtayn.ru
Tərcümə etdi: Fatimə Kərimli
