Elizabeth "Li" Miller İkinci Dünya Müharibəsi zamanı minlərlə fotoşəkil çəkib, lakin o, bəlkə də, ən çox Adolf Hitlerin intihar edərək öldüyü gün vanna otağında çılpaq poza verməsi ilə tanınır.

Model, sürrealist rəssam və moda fotoqrafı kimi çalışdıqdan sonra Miller İkinci Dünya Müharibəsinin fotolarını çəkməyə başlayıb. O, müharibə zamanı bir neçə mühüm məqamda, o cümlədən Blitz, Parisin azad edilməsi və müttəfiq qüvvələrin Buhenvald və Dachauya gəlişi zamanı iştirak edib.
Onun konsentrasiya düşərgələri ilə bağlı fotoşəkilləri həm həssas, həm də şokedicidir. Belə şəkillər müharibə dövründə Li Milleri məşhurlaşdırıb. Ancaq müharibə bitdikdən sonra oğlu onun çəkdiyi fotoşəkilləri kəşf edənə qədər Li Miller az-çox unudulur.
Miller müharibə dövründəki fəaliyyətindən əvvəl modellik və rəssamlıqla məşğul olub. Vogue jurnalının redaktoru ilə təsadüfi qarşılaşma onun çox gənc yaşında jurnalın üz qabığında çıxmasına səbəb olub. Ardınca bir sıra reklamlarda rol alan Miller Kotex reklamından sonra öz məşhurluğunu qismən itirib. Bundan sonra fotoqraflıqla daha yaxından maraqlanmağa və müharibə dövründə bu işlə professional şəkildə məşğul olmağa başlayıb.
Mənbə: Allthatsinteresting
Tərcümə etdi: Səidə Abasova
