Bu gün:

“Uşaqlar artıq böyüklərin mahnısını oxuyurlar...”


24Media.az-ın budəfəki müsahibi musiqişünas-pedaqoq, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Konservatoriyasının professoru, konservatoriyanın elmi işlər üzrə prorektoru Lalə Hüseynovadır. O, uşaq mahnılarına olan maraqla bağlı sualımızı cavablandırıb.

 -Azərbaycanda uşaq mahnılarına marağın vəziyyətini necə dəyərləndirirsiniz? Sizcə, uşaq mahnılarına marağın artması üçün nə kimi dəyişikliklər edilə bilər?


- Bağçalarda vəziyyət elə də pis deyil. Bağçalarda yaşca balaca uşaqlar təhsil alırlar və onlara bu mahnılar, sözsüz ki, öyrədilir. Azərbaycan bölməsində təhsil alanlara Azərbaycan dilində, rus bölməsində təhsil alanlara isə rus dilində mahnılar öyrədilir. Lakin elə ki uşaqlar məktəb yaşına çatır və telefon, planşetlərdən istifadə etməyə başlayırlar, artıq uşaq mahnıları dinləmirlər və ya ifa etmirlər. Artıq onlar böyüklər üçün nəzərdə tutulmuş mahnıları həm dinləyir, həm də oxuyurlar.

İnternetə daimi çıxışı olan uşaqlar dünya estradasını izləməyə başlayır və maraqları bu tərz musiqilərə yönəlir. Bu günlərdə uşaqlar üçün olan səs yarışmalarında belə onlar böyüklərin repertuarına müraciət edirlər. Artıq “uşaq mahnısı” deyiləndə, yalnız məktəbəqədər yaş dövrü nəzərdə tutulur. Çünki yalnız o vaxta qədər uşaqlara bu mahnılar öyrədilə bilir. Daha sonra isə məsələ bir az qəlizləşir. Uşaqlar artıq özləri yeni texnologiyalardan istifadə edir və maraqlarına uyğun olan mahnıları dinləyirlər.

Məsələn, mənim nəvəm 8 yaşında Maykl Ceksonun repertuarından mahnılar oxuyub rəqs etməyə başlamışdı. Halbuki biz ona bu musiqiləri öyrətməmişdik.

Düşünürəm ki, çox maraqlı və müasir tendensiyalara uyğun uşaq mahnıları yazılmalıdır. Çünki primitiv musiqilər uşaqları cəlb edə bilmir. Artıq uşaqlar daha tez böyüyürlər. Əqli cəhətdən də fikir versək, onları bəsit tematika ilə cəlb etmək mümkün deyil.

Musiqi sosiologiyası adlı bir elm sahəsi var ki, sırf musiqi ilə bağlı araşdırmalar aparır, sorğular keçirir və statistikanı təhlil edir. Təəssüf ki, bizdə bu elm sahəsi çox zəif inkişaf edib. Halbuki dünyada bu, geniş yayılmış bir sahədir. Biz də çalışırıq ki, Milli Konservatoriyada bu sahə ilə bağlı tədqiqatlar aparılsın.

Düzdür, çoxları tənqid edir ki, uşaq mahnıları yazılmır. Amma, təbii ki, bunun üçün həm tələbat, həm də təklif olmalıdır.


Sevil Azər


Paylaş
Şərh əlavə et