İngiltərədə 10 ildir ki, 1 milyon qadın üzərində aparılan araşdırma məşhur inancın əksinə olaraq bədbəxtliyin və stressin ölüm riskini artırmadığını ortaya çıxarıb.

Əvvəlki araşdırmalara görə, bədbəxtlik hissinin insan sağlamlığına, xüsusən də ürəyə mənfi təsir etdiyi və ya xərçəngə səbəb olduğu düşünülürdü. Başqa sözlə, bir çox insanlar iş şəraitinin və ya qeyri-funksional münasibətlərinin "həyatlarını yeyəcəyinə" inanırdılar.
Bununla belə, nəticələri akademik sağlamlıq jurnalında dərc olunan son araşdırmaya görə, bu mövzuda əvvəlki araşdırmalar "əks səbəb əlaqəsinə" baxmadığı üçün həqiqəti əks etdirmir.
Ən son araşdırmanı aparan Britaniya və Avstraliya alimləri bildiriblər ki, əvvəlki tədqiqatlar bədbəxt insanların ölüm riskini nəzərdən keçirsə də, onsuz da xəstə olan insanların, ümumiyyətlə, bədbəxt olduqlarına diqqət yetirilməyib.
“Milyon Qadın Sorğusu”na qatılan təxminən 60 yaşlarında olan 1 milyon qadından müntəzəm olaraq sağlamlıqlarını, xoşbəxtliklərini və stress səviyyələrini qiymətləndirmələri istənilib.
Fiziki sağlamlıq və siqaret kimi faktorlar istisna edildikdə, iştirakçıların xoşbəxt və ya bədbəxt olmasının ölüm riskinə heç bir təsiri olmayıb.
Tədqiqatçı Dr. Bette Liu deyib: "Xəstəlik insanı bədbəxt edir, lakin bədbəxtlik insanı xəstə etmir. Son 10 ildə biz bədbəxtlik ilə stress və ölüm arasında birbaşa əlaqə tapmamışıq".
Oksford Universitetindən Professor Richard Peto da deyir ki, araşdırma zamanı erkən ölüm riskinin ara-sıra siqaret çəkənlər üçün iki dəfə, mütəmadi siqaret çəkənlər üçün isə üç dəfə yüksək olduğunu aşkar ediblər, lakin o da bədbəxtliyin risklə birbaşa əlaqəsi olmadığını bildirib.
Digər tərəfdən, Professor Peto insanların bədbəxtlik səbəbiylə həddindən artıq spirt istifadə etməsi və ya yemək yeməsi halında, bədbəxtliyin dolayısı ilə ölüm riskinə təsir edə biləcəyini ifadə edib.
Mənbə: BBC
Tərcümə etdi: Fatimə Hüseynova
