
"İncəsənətin inciləri" rubrikası Pol Delarokun "Ledi Ceyn Qreyin edamı" əsərini təqdim edir.
Ledi Ceyn Qrey İngiltərə krallığında ən qısa müddət taxtda qalan şəxslərdən biri olub, "Doqquz Günlük Kraliça" adı ilə tarixə keçib. Protestan olan Ceyn Qrey Katolik kilsəsinin İngiltərədəki təsirini azaltmaq məqsədilə istifadə oluna biləcəyi düşünülərək dəstəklənərək taxta çıxarılıb. Lakin bu dəstək çox qısa sürüb. Edvardın ögey bacısı Mary katoliklərin də dəstəyi ilə onu tam 9 gün sonra taxtdan endirib və onu edama məhkum edib. Ledi Ceyn Qrey 12 fevral 1554-cü ildə Londra Qülləsində 16 yaşında 9 günlük kraliçalığını başa vurduqdan sonra başı kəsilərək edam edilib.
Fransız rəssamının bu əsəri Ledi Ceyn Qreyin edamını mövzu alıb. Rəsmin ortasında edam öncəsi gözləri bağlanmış Ceyn Qrey uzun qırmızı saçları, açıq rəngli və tərtəmiz dərisi ilə gənc yaşını aydın şəkildə göstərir. Paltarın açıq rəngli və hamar toxuması, işıqlı tonları gənc qadının məsumiyyətini və saflığını simvollaşdırır. Digər tərəfdən, paltarına görə olduqca solğun görünən boz rəngli dərisi ölüm öncəsinin soyuqluğunu əks etdirir.
Ceyn Qrey gözləri bağlı olaraq, başını qoyacağı edam taxtasına doğru uzanıb, əlləri ilə onu axtarır. Ön plandakı edam taxtası rəsmin ən diqqət çəkən elementlərindən biridir və bir azdan baş verəcək qanlı səhnəyə işarə edir. Taxtanın ətrafına yayılmış saman sapları edam olunacaq məhkumun axacaq qanının dağılmadan udulması məqsədilə yerə qoyulub. Ledinin üzərinə diz çökdüyü yumşaq görünüşlü yastıq, soyuq və sərt edam taxtası və yerə səpilən saman ilə açıq bir ziddiyyət təşkil edir və həyatla ölüm arasında bir nöqtəyə işarə edir.
Gənc qadının qollarından tutan adam Ser Condur və onu edam taxtasına doğru yönləndirir. Ceyn Qreyi üzərinə geniş paltarı ilə sanki bir qoruyucu kimi əyilmiş olsa da, əslində yalnız gənc qadını edam taxtasına aparmağı bacarır.
Rəsmin sol tərəfində görünən Ceyn Qreyin xidmətçilərindən biri özündən keçmiş halda yerə çöküb və dizlərinin üzərində Ledinin çıxardığı paltar görünür. Bir digər xidmətçi isə çarəsiz şəkildə divara sıxışıb, hadisəyə arxasını çevirib. Ceyn Qreyin sadə və rəngsiz görünüşünə qarşılıq olaraq, xidmətçilər son dərəcə bəzəkli, işlənmiş paltarlar və zərgərliklərlə bəzəniblər. Ledilərinə baxmadan özlərinə ağlayan bu xidmətçilərin ya öz həyatlarına, ya da xanımlarının edamına ağladıqları açıq şəkildə bəlli deyil.
Rəsmin solunda və mərkəzindəki dramatik obrazlara baxmayaraq, sağ tərəfdə ayaqda dayanan edamçının fiquru son dərəcə passiv və sakitdir. Əlində edamı gerçəkləşdirəcək balta ilə kənarda gözləyən edamçı baltaya dayanararaq gənc qadının üzünə baxmağa çalışır. İşini yerinə yetirmək üçün növbəsinin gəlməsini gözləyən edamçı gənc qadına üzülmə və mərhəmət qarışığı ilə baxır.
Bu beş fiqur ilə birlikdə izləyici əsərdə beş fərqli reaksiyanı görür: çarəsizlik, dəhşət, qorxu, cəsarət və mərhəmət fiqurlar tərəfindən nümayiş etdirilir. İzləyici ilə məkanın ön planı arasında birbaşa əlaqə olmadığı üçün izləyici özünü əsərə xaricdən baxan bir mövqedə hiss edir. Fiqurlardan heç biri izləyiciyə baxmır və bu da izləyicidə "mövcudluğundan xəbərdar olmayan bir müşahidəçi olma" hissini yaradır. Sanki birazdan ledinin başı kəsiləcək, yerə düşüb, kətandan xaricə çıxacaq və izləyiciyə doğru yuvarlanacaq.
Delarok bu əsərini tarixi hekayələrə əsaslandırıb. Ceyn Qreyin sakitcə edam taxtasına doğru getdiyini, son sözlərini söylədiyini, İncilin bir hissəsini oxuduğunu və gözlərini bağladığını izah edən bu hekayə Ceyn Qreyin gözləri bağlandıqdan sonra panikaya düşərək edam taxtasını tapa bilmədiyini, panik halında taxtanın harada olduğunu soruşduğunu da bildirir. Bu tarixi hadisəyə əsaslanan rəssam əsərini məşhur bir şah əsərindən çox tarixi həqiqətlərə əsaslanaraq yaratmaq istəyib.
1834-cü ildə məşhur Salon de Parisdə sərgilənən əsər böyük səs-küy yaradıb və maraqla qarşılanıb. Delarok Ceyn Qrey kimi I Çarlez və IV Edvardın uşaqlarının edamı haqqında da əsərlər yaradıb. Bu əsərlərin əsas məqsədi dövrün Fransasında İngilis tarixinə olan maraqdan daha çox üstü örtülü şəkildə 40 il əvvəl Fransız İnqilabı nəticəsində son dərəcə qanlı ölüm hadisələrinə mesaj göndərməkdir.
Hazırladı: Talehə Hüseynzadə
Mənbə: sanatabasla.com
