
Bir çox insanlar hər gün işə gedərkən, parkda oturarkən, kafedə və ya supermarketdə alış-veriş edərkən yad adamların əhatəsində olur.
Bir çoxumuz özümüzü ətrafdan könüllü olaraq təcrid edirik, çünki yad insanlarla təmasda olmağın bizi narahat edəcəyini düşünürük. Lakin bu düşüncə yanlışdır. Tədqiqatlar göstərir ki, siz başqaları ilə qarşılıqlı əlaqənin həm başqası, həm də özünüz üçün müsbət təsirlərini lazımınca qiymətləndirmirsiniz. Məsələn, işə gedərkən yad bir insanla danışmaq sizi düşündüyünüzdən daha xoşbəxt edə bilər.
ABŞ-ın Çikaqo şəhərində səhər saatlarında ictimai nəqliyyatda işə gedən insanlardan yad bir adamla söhbət etmək istədikdə əksəriyyət bunun xoş bir təəssürat yaratmayacağını söyləyib. Amma təcrübələr göstərdi ki, danışmağı seçən insanların günü daha xoş keçir.
Sərnişinlərin yalnız 40 faizi yoldakı insanların onlarla danışmağa hazır olduğunu düşünür. Ancaq eksperimentdə iştirak edən və danışmağa başlayan hər kəs yanındakı adamın söhbətdən məmnun olduğunu görüb.
Başqalarının danışmaqda maraqlı olmadığı və ya sizi sevməyəcəyi düşüncəsi əslində sizin əlaqə saxlamağınıza mane olan şeydir.
Tanımadığınız bir adamla danışmağın xoş olmayacağını düşünürsünüzsə, heç vaxt bunu sınamayacaq və gözləntilərinizin səhv olduğunu kəşf etməyəcəksiniz. Bu isə başqalarından təcrid olunmağınız və əlaqələrinizi itirdiyiniz anlamına gələ bilər.
Mənbə: BBC
Tərcümə etdi: Fatimə Hüseynova
