Bu gün:

Poliqlot Aslan Məmmədzadə: "Bəzən sadəcə bir insan üçün də dil öyrənmək lazım olur"


Müasir dövrdə oxuduğumuz, işlədiyimiz sahədən asılı olmayaraq, ən azı bir xarici dil bilmək zəruridir. Sevindirici haldır ki, indi dil öyrənmək üçün vəsaitlər, kurslar, tədbirlər də daha çox və əlçatandır. Xarici dil öyrənməyin ən asan və rahat yolu varmı? Ümumiyyətlə, insanların bir neçə xarici dil öyrənməsi nə dərəcədə vacibdir?

Peşəkar səviyyədə 9 dil bilən, neyrolinqvistika təhsilli azərbaycanlı poliqlot Aslan Məmmədzadə 24Media-ya müsahibəsində bu və digər sualları cavablandırıb.

İnsanların böyük faizi xarici dil mövzusunda çətinlik çəkir

- Yəqin ki, peşəkar səviyyədə doqquz dil öyrənmək heç də asan olmayıb. Bu mərhələyə gələnə qədər olan fəaliyyətiniz haqqında nə deyə bilərsiniz?

- Lənkəran şəhərndə doğulub məktəb təhsilimi orada almışam. Daha sonra bakalavr dərəcəsi üçün Türkiyəyə getdim. Orada təhsilimi başa vurduqdan sonra  Avropada  NeyroLinqvistika təhsili alaraq dil mənimsəmə prosesini daha dərindən araşdırmaq imkanı qazandım.

12 il ərzində həm neyrolinqvistika təhsili alıb, həm də 9 dildə peşəkar səviyyədə danışmağı öyrənmişəm. Poliqlotlar və təhsil sahəsində olan peşəkarlar ilə dünyanın fərqli ölkələrində müxtəlif layihələr üzərində işləmək şansım olub. 24 fərqli ölkədən olan individual şəxslərə, sahibkarlara və korporativlərə xarici dillər mövzusunda dəstək olmuşam. Bu siyahıya ABŞ, Yaponiya, Sinqapur, Honkonq, Birləşmiş Ərəb Əmirliyi, eləcə də Böyük Britaniya, Almanya, Fransa, İspanya və s. kimi ölkələr daxildir.  Həm də Dünya Poliqlotlar Cəmiyyətinin üzvü, yerli və xarici tədbirlərin məruzəçisiyəm. Dünyanın fərqli yerlərindən olan insanlarla işləmək və müxtəlif beynəlxalq layihələri idarə etmək, fərqli mədəniyyətlərə yiyələnmək, dil mənimsəmə sahəsində, ünsiyyət və liderlik bacarıqlarında daha da zəngin bilik və təcrübə qazanmağıma səbəb olub.

- Təşkil etdiyiniz layihə Azərbaycanda bir ilkdir. İdeya hardan ağlınıza gəldi?

- Uzun illərdir xarici dillər üzərində işləyirəm və ölkəmizdə bu prosesin inkişafına maksimum dəstək olmaq üçün çalışıram. Mənim də üzvü olduğum “Dünya Poliqlotlar Assosasiyası” hər il müxtəlif ölkələrdə Poliqlotlar konfransı və digər beynəlxalq tədbirlər təşkil edir. Bu tədbirlərdə iştirak etdiyim zaman düşünürdüm ki, niyə də bu layihələr Azərbaycanda təşkil olunmasın?! Hazırda bizdə xarici dillərin öyrənilməsi mövzusunda inkişaf etdirilməli bəzi nüanslar var, hansı ki, onların həll yolu üçün xarici və yerli ekspertlər birlikdə çalışaraq uğurlu nəticələr əldə edə bilər. Beləliklə, qərara gəldim ki, məhz Poliqlotlar Konfransının qurucusu, 20 dildə akademik bacarıqlara sahib Richard Simtcottla görüş təşkil edək.

- Və onlayn platformada tədbir keçirmək qərarına gəldiniz...

- İlkin olaraq, pandemiya şərtlərini, sərhədlərə tətbiq olunan sərtləşdirilmiş qaydaları nəzərə alaraq, bu qədər böyük layihəni canlı keçirmək mümkün olmayacaqdı. “Poliqlot Show”-un əsas məqsədlərindən biri, dillərə marağı olan hər kəsin yararlanmasıdır. Layihədə mindən çox iştirakçının olacağını nəzərə alsaq, təlimi Bakı şəhərində keçirsəydik, regionlardan və xaricdə yaşayan həmyerlilərimizin bizə qatılması çətinləşəcəkdi. Beləliklə, hər kəsin ən rahat və effektiv yararlanması üçün “Poliqlot Show” onlayn şəkildə olacaq.

- Bu layihəni təşkil etməkdə əsas məqsədiniz nədir?

- Ölkəmizdə kiçik yaşdan məktəblərdə xarici dilin tədrisinə başlanılır və uzun illər tədris prosesinin həm ümumi, həm də fərdi davam etməsinə baxmayaraq, insanların böyük faizi xarici dil mövzusunda çətinlik çəkir. Burada təhsildəki müəyyən boşluqlar, cəmiyyətin xarici mədəniyyət və dillərə olan baxışı kimi bir çox səbəblərlə qarşılaşırıq.

Ona görə də, tədbirin əsas missiyası Azərbaycanda dil baryerini yox edərək gənclərin təhsil və karyera inkişafına töhvə vərmək, xarici dil öyrənən hər kəsə 2022-ci il üçün effektiv metodika və strategiyaları təqdim etməkdir. Bunanla yanaşı, dünyada dil öyrənmə prosesi haqqında geniş araşdırmalara sahib olan poliqlotların zəngin təcrübə və yenilikçi yanaşmalarını ölkəmizin insanlarına əl çatan etməkdir.

- Tədbir, əsasən, hansı  yaş aralığı üçün nəzərdə tutulub, ya da siz daha çox hansı  yaş aralığında olan insanların qatılmasını istərdiniz?

- “Poliqlot Show” dillərə marağı olan hər kəs üçündür. Öyrənməyin, yeni mədəniyyətlər kəşf etməyin yaşı yoxdur. Siz bir dil öyrəndiyiniz zaman sadəcə yeni sözlər, qrammatika öyrənmirsiniz. Tamamilə başqa bir ölkənin tarixi, mədəniyyəti və adət-ənənələri ilə tanış olursunuz. Dünyanın başqa qitə və ölkələrində insanlar necə düşünür, həyatı necə görür, ən qəmgin və ya sevincli vaxtında hisslərini necə ifadə edir, bunları öyrənirsiniz. Atalarımız demiş, nə qədər dil bilsən, o qədər çox insansan. Bu sözə tamamilə qatılıram, ona görə də, yaşından və səbəbdindən asılı olmayaraq, hər kəs iştirak edə bilər. Kimisi təhsili üçün dil öyrənmək istəyə bilər, başqa biri dünyanı kəşf etmək üçün, digəri isə karyera həyatında yeni addım atmaq üçün - bir sözlə, dil prosesinin içində olan hər kəs bu tədbirdə özü üçün faydalı məlumatlar əldə edəcək.

- Tədbirdə sizdən başqa hansı poliqlotlar olacaq? Niyə məhz Richard Smitcott?

- İlk günlərdə bir neçə xarici poliqlot haqqında düşünmüşdüm. Lakin, daha sonra beynəlxalq arenada xarici dillər sahəsində saysız uğurları və layihələri olan Richard Simcottu dəvət etmək qərarına gəldim. O nəinki əvvəl qeyd etdiyim Poliqlotlar Konfransının iştirakçısı, elə həmin konfransın qurucusudur. Bundan əlavə, Richardın bir çox uğurları var, belə ki, “Harper Collins” nəşr evi tərəfindən “Birləşmiş krallığın ən multilinqual insanı”, “Goethe” universiteti tərəfindən “Multilinqualizm Səfiri” seçilib. 50 dil üzərində çalışıb və hal-hazırda 20 dili akademik səviyyədə bilir. Əlbəttə ki, öz bacarıqlarını digər insanlarla bölüşməkdən də çəkinmir. Buna ən gözəl nümunələrdən biri 11 yaşı olmasına baxmayaraq artıq 5 dildə sərbəst danışa bilən qızıdır. Məhz bu səbəblərə görə “Poliqlot Show”-un qonağı qeyd etdiyim uğurların müəllifi Richard Simcottdur.

- Yəqin ki, onunla əlaqə qurmaq elə də asan olmayıb, layihə haqqında məlumat verdikdə və Azərbaycanda olacağını biləndə ilk təəssüratı nə oldu?

- Richard Simcottla illər ərzində fərqli konfrans və layihələrdə birlikdə işlərimiz olduğuna görə artıq uzun zamandır ki, münasibətimiz var. Bu səbəbdən, onunla əlaqə saxlamaq çətin olmadı. Richard çox məşğul iş həyatı olmasına baxmayaraq, ilk dəfə belə bir ideya haqqında eşitdikdə məmnuniyyətlə iştirak edəcəyini bildirdi. Əlavə olaraq, həmin tədbirləri birlikdə idarə etdiyimiz zamanlarda Azərbaycan mədəniyyəti haqqında yetərincə geniş müzakirələrimiz olub və bu da Richardda Azərbaycana qarşı xüsusi maraq da yaradıb. Bu səbəbdən ilk danışığımızdan sonra sürətli şəkildə görüş üçün hazırlaşmağa başladıq.

- Niyə bu tədbiri Azərbaycanlı poliqlotlarla yox, məhz xarici poliqlotla keçirmək istədiniz?

- Yerli peşəkarlarla tədbirlər keçirməyə hər zaman açığıq. İndiyədək daimi olaraq Azərbaycandakı poliqlotlarla görüşüb, müxtəlif layihələr, tədbirlər təşkil etmişik və əlbəttə, zamanla miqyasını genişləndirmək hədəflərimdən biridir. Bu görüşdə isə əsas məqsədlərdən biri ölkəmizdəki dil öyrənmə prosesindəki boşluqları məhz xarici təcrübəsi olan ekspertlərlə müzakirələr etmək və fərqli baxış bucağı yaratmaqdır. Tədbir zamanı həm lokal həmdə beynəlxalq mövzular arasında bir ahəng yaratmaq istəyindəyik.

- Layihənin ardı gələcək?

- Çox maraqlı və həyəcanverici sualdır. Çünki uzun müddətdir bu proseslər haqqında saysız ideyalarımız var. Bəli, bu layihəni silsilə genişləndirərək davam etdirmək fikrindəyik. Hal-hazırda “Dünya Poliqlotlar Assosasiyası” ilə danışıqlarımız davam edir. Ən qısa zamanda Poliqlotlar Konfransını Azərbaycanda keçirməyi düşünürük. Bu tədbirdə dünyanın müxtəlif ölkələrindən 500-dən çox poliqlot iştirak edir. Assosasiya ilə olacaq əməkdaşlığımız və keçirəcəyimiz daimi tədbirlərin həm ölkəmizin tanınmasında həm bizim təhsilimizin inkişafında böyük töhvələr verəcəyinə inanıram.


Paylaş
Şərh əlavə et