Bu gün:

Baha başa gələn gözəllik: Təhlükəli kosmetika


Kosmetika təhlükəsi dedikdə kosmetik vasitələrin dəri və ümumi sağlamlığa zərər verə biləcəyi nəzərdə tutulur. Bu, gözəlləşmək üçün "sehrli" bir vasitə kimi görünə bilər, lakin onların parlaq görünüşlərinin altında təhlükələr yata bilər. Bu vasitələrin tərkibində olan toksik maddələr mütəmadi istifadədə sağlamlığınıza zərər vura bilər.

Toksik maddələr dedikdə ilk yada düşən yəqin ki, arsen olar. Arsen 18 və 19-cu əsrin möcüzəvi, həm "dost", həm də "düşmən" olan maddəsidir. Bu maddə kosmetika dünyasına girməzdən əvvəl uzun yollardan keçib. 

Belə ki, Historyextra -nın məlumatına görə "ağ arsenik" adlanan arsen trioksidi Avstriyanın Ştiriya şəhərinin sakinləri tərəfindən geniş istifadə olunub. Onlar bu maddəni qəbul etdikdə yanaqlarının daha al, gözlərinin daha parlaq olduğunu deyiblər.

Həmin dövrdə artıq arsen həm məşhur zəhər, həm də dərman vasitəsi kimi istifadə olunmağa başlayıb. Daha sonra malyariya və vəba kimi ölümcül xəstəliklərin, ekzema və bunun kimi daha sadə dəri xəstəliklərinin müalicəsində istifadə olunub.

Bundan sonra böyük kosmetika şirkətləri arsenin təsirlərinə maraq salmağa və onlardan gözəllik məhsulları hazırlamağa başlayıblar. Birinci dünya müharibəsinə qədər geniş populyarlığa malik olan bu vasitələr mütəmadi istifadədə ən yaxşı halda qıcıqlandırıcı təsir göstərə, ən pis halda isə istifadəçinin ölümünə səbəb ola bilirdi.

Arsendən başqa radium, merkuri, kantaridin kimi maddələr də kosmetika istehsalında istifadə olunmuş zəhərli maddələrdir.

Hazırladı: Səidə Abasova

Paylaş
Şərh əlavə et