Bu gün:

Rozenxan eskperimenti nədir?


Rozenxan eksperimenti 1973-cü ildə psixoloq Devid Rozenxan tərəfindən aparılmış bir araşdırmadır. Bu eksperiment göstərdi ki, psixiatrlar sağlam insanları psixi xəstə, psixi xəstələri isə sağlam insan kimi diaqnozlaşdıra bilərlər.

Rozenxan “Sağlamlar psixiki xəstələrin yerində” adlı məqaləsini dərc etdikdən sonra, bu araşdırma geniş rezonans doğurmuş və bu gün də müzakirə mövzusu olaraq qalır.

Eksperimentin əsas məqsədi psixi xəstəliklərin gizliliyi olub. Araşdırma iki mərhələdən ibarət olub.

Birinci mərhələ

Devid Rozenxan “xəstə” rolunu oynamağa razı olan 12 sağlam insanı müəyyənləşdirdi. Bu iştirakçılar ABŞ-dakı müxtəlif psixi xəstəxanalara yerləşdirildi və səsli halüsinasiyalardan şikayət etdilər.

Xəstəxanaya yerləşdirildikdən sonra iştirakçılar halüsinasiyalarının dayandığını və tam sağaldıqlarını bildirdilər. Bununla belə, xəstəxana həkimləri onları xəstə kimi qəbul etməyə davam etdilər və müalicə almalarını zəruri hesab etdilər.

Bu “xəstələr” yalnız təyin olunmuş dərmanları qəbul etdiklərini və psixoloji problemləri olduğunu qəbul etdikdən sonra xəstəxanadan çıxa bildilər.

İkinci mərhələ

İkinci mərhələdə Rozenxan yanaşmasını dəyişərək eksperimentin tərsini həyata keçirdi. O, bir psixi xəstəxananın əməkdaşlarına yaxın zamanda xəstəxanaya özlərini yalançı xəstə kimi təqdim edəcək şəxslərin gələcəyini bildirdi. İşçilərin əsas vəzifəsi həmin “saxta xəstələri” müəyyən etmək idi.

Bir həftə ərzində xəstəxana işçiləri 41 nəfərin yalançı xəstə olduğunu müəyyən etdiklərini iddia etdilər. Lakin sonradan məlum oldu ki, Rozenxan heç bir saxta xəstə göndərməmişdi. Həmin 41 nəfərin hamısı həqiqətən psixi pozğunluqlardan əziyyət çəkirdi.

Bu eksperiment göstərdi ki, psixi xəstəliklərin diaqnozu subyektiv və qərəzli ola bilər. Həm sağlam insanların xəstə kimi tanınması, həm də həqiqi xəstələrin yalançı kimi qəbul edilməsi psixiatriyada diaqnoz üsullarının etibarlılığına ciddi suallar doğurdu.

Eksperiment daha sonra fərqli ölkələrdə təkrarlanıb və nəticələr eyni şəkildə olub.


Mənbə: Vladislav Koçerıjkin
Tərcümə etdi: Fatimə Umarbəy

Paylaş
Şərh əlavə et