
1936-cı ildə Ukraynanın kiçik bir kəndində anadan olan Andreyin uşaqlığı çox çətin keçib. Bildiyiniz kimi, həmin dövrlər böyük aclıq illərinə təsadüf edirdi və onun ailəsi bu vəziyyətdən çox təsirlənmişdi. İş o yerə çatıb ki, Çikatilonun bacısının dediyinə görə, Andreyin böyük qardaşını aclıqdan ölən kəndlilər yeyiblər.
Uşaqlığı boyu kənarda qalan, zəif və qapalı uşaq olan Andrey məktəbdə daim təhqir olunurdu. Gözlərindəki problemə görə diqqətini cəmləyə bilmirdi və bu onun uğuruna təsir edirdi. Gənc yaşda yaranan cinsi problemlərin əlavə olunması ilə Andreyin psixologiyası daha da kövrəkləşdi. Kənardan baxanda Çikatilo adi bir həyat yaşayırdı. Universiteti bitirib, ailə qurub, iki uşaq atası olub. Bir müddət müəllim işləsə də, tələbələrinə qarşı nalayiq davranışlarına görə bu peşəni tərk etməli olur və bu müddət ərzində içindəki canavar ortaya çıxmağa başlayır.
1978-ci ildə o, ilk qətlini edib. O, Yelena Zakotnova adlı 9 yaşlı uşağı aldadaraq daxmaya apararaq öldürüb. Bu qətldən sonra o, tutulmayıb, çünki cinayətin günahı yanlış adamın üzərinə qoyulub və Çikatilonun yerinə günahsız bir insan edam edilib. Bu vəziyyət Çikatilonu həvəsləndirib və o, dəhşətli bir qətl çılğınlığına başlayıb. Gözünü qırpmadan vəhşicəsinə öldürdüyü Çikatilonun qurbanlarının böyük əksəriyyəti uşaqlar, gənc qızlar və qadınlar idi. Onları adətən qatar stansiyaları kimi izdihamlı yerlərdən seçirdi. O, özünü yardımçı adam kimi qələmə verərək qurbanlarını aldadırdı. O, adətən qətllərini boş meşə ərazilərində törədir və qurbanlarına inanılmaz vəhşiliklə hücum edirdi. O, cinayətlərini törədərkən təkcə fiziki deyil, həm də psixoloji məmnunluq yaşayırdı. O, bu vəhşiliyi bir növ güc nümayişi kimi görürdü. İş o yerə çatıb ki, o, qətl zamanı qurbanlarına işgəncə verməkdən böyük həzz aldığını etiraf edib.
Sovet polisi illərdir onun arxasınca getsə də, o vaxt cinayət axtarış üsulları kifayət qədər primitiv olduğundan Andreyi uzun müddət yaxalaya bilməyib. Lakin polis əməkdaşı şübhəli hərəkətlərinə görə Çikatilonu saxlayıb və DNT testi nəticəsində onun qətllərlə əlaqəsi sübuta yetirilib. Beləliklə, Andrey Çikatilo nəhayət 1990-cı ildə tutulub və mühakimə olunub. Onun məhkəmə prosesində göstərdiyi soyuqqanlılıq və təkəbbür hər kəsi şoka salıb. O, ittihamları etiraf edib, lakin etdiyinə görə peşman olmayıb. 1994-cü ildə o, 53 qətldə təqsirli bilinib və başından güllələnərək edam edilib.
Mənbə: BuzzFeed
Tərcümə etdi: Mina Yadigarlı
