
ABŞ-da yerləşən 51-ci ərazi illərdir onlarla sui-qəsd nəzəriyyəsinin mərkəzində olub. “Sahə 51" və ya "51-ci sahə" ABŞ-nin Nevada ştatında sirli fəaliyyətlərlə əlaqəli bir yer kimi tanınır. Tam olaraq harada olduğu və hansı fəaliyyət növlərinə ev sahibliyi etdiyi barədə az rəsmi məlumat mövcuddur. Bununla belə, populyar mədəniyyət və media müxtəlif fərziyyələr və sui-qəsd nəzəriyyələri ilə doludur.
Rəsmi olaraq, 51-ci ərazinin mövcudluğu ABŞ hökuməti tərəfindən təsdiq edilib, lakin onun istifadəsi haqqında az məlumat verilib. Bu yerin təxminən Nellis Hərbi Hava Qüvvələri Bazasının cənubunda yerləşdiyi güman edilir. Nellis Hərbi Hava Qüvvələri bazası ABŞ Hərbi Hava Qüvvələrinin ən böyük və ən mühüm bazalarından biridir və bir çox məhdud giriş əraziləri ilə tanınır.
51-ci ərazinin populyar mədəniyyətdəki şöhrəti onun UFO müşahidələri və gizli hərbi təcrübələrlə əlaqəsindən qaynaqlanır. Çoxları hesab edir ki, burada yadplanetlilərin texnologiyası öyrənilir və hətta yadplanetlilərlə əlaqəli varlıqlar da gizli saxlanılır. Lakin rəsmi olaraq bu cür iddialar heç vaxt təsdiqini tapmayıb. Bir çox insanlar qeyd edir ki, 51-ci sahə ciddi təhlükəsizlik tədbirləri altındadır və əraziyə girməyə cəhd edənlər ciddi hüquqi nəticələrlə üzləşə bilər. Ərazi tikanlı məftillərlə qorunur, təhlükəsizlik işçiləri patrul edir və sərhədləri boyunca kameralar quraşdırılıb.
51-ci sahə ətrafı və əsrarəngiz təbiətinə görə tez-tez məşhur mədəniyyətdə əks olunur. Bu mövzu filmlərdən televiziya proqramlarına, kitablardan video oyunlarına qədər bir çox media məhsulunda işıqlandırılmışdır. Ancaq əslində nə baş verdiyi barədə dəqiq məlumatın olmaması bu sahəni daha da müəmmalı edir.
Mərkəzi Kəşfiyyat İdarəsinin 51-ci sahənin əslində nə üçün istifadə edildiyi ilə bağlı açıqlaması əslində bir çox sui-qəsd nəzəriyyələrini təkzib edən və bölgənin əsl məqsədinə işıq tutan mühüm məlumatlar təqdim edir. 51-ci sahə ABŞ Hərbi Hava Qüvvələri üçün sınaq obyekti kimi istifadə olunur. İlk dəfə 1950-ci illərdə ABŞ Hərbi Hava Qüvvələri (USF) tərəfindən satın alındıqda, U-2 casus təyyarəsinin sınaq yeri idi. Ərazinin seçilməsinin əsas səbəblərindən biri onun təcrid olunması olub. Beləliklə, U-2-nin məxfiliyi təmin ediləcəkdi. Zamanla 51-ci sahə digər gizli təyyarələr üçün sınaq mərkəzinə çevrilib.
2013-cü ildə edilən müraciət nəticəsində açıqlanan sənədlərdə U-2-nin yüksək hündürlük sınaqlarının gözlənilməz yan təsirə səbəb olduğu bildirilir. Bu təsir naməlum uçan obyekt (UFO) hesabatlarının böyük artımında özünü göstərib. Bu, UFO kimi bildirilən bir çox insidentin əslində U-2-lərin və oxşar gizli təyyarələrin sınaq uçuşlarının nəticəsi olduğunu göstərir.
U-2 Soyuq Müharibə dövründə ABŞ üçün kəşfiyyat məlumatlarının toplanmasında mühüm rol oynayıb və Sovet İttifaqı, Çini, Kubanı izləmək üçün istifadə edilib. Kuba raket böhranı zamanı bölgə də mühüm rol oynayıb və bu böhran zamanı həyatını itirən yeganə şəxs U-2 pilotu Rudolf Anderson olub. Bununla belə, bölgədə yüksək hündürlükdə sınaqlar aparılarkən, zaman-zaman kosmik tədqiqatlar və astronavt hazırlığı da həyata keçirilib.
Nəticədə, 51-ci ərazi Soyuq Müharibə dövründə ABŞ-nin ən gizli və mühüm sınaq obyektlərindən biri kimi istifadə edilib. Bu bölgə nə qədər əsrarəngiz olsa da, həqiqətən strateji əhəmiyyətə malikdir və elmi tədqiqatlara da ev sahibliyi edib.
Mənbə: NTV haber
Tərcümə etdi: Dilbər Paşazadə
