Bu gün:

"Sis dənizinin üzərindəki səyyah"- Fridrix


"İncəsənətin inciləri" rubrikası Fridrixin "Sis dənizinin üzərindəki səyyah" əsərini təqdim edir. 

Alman Romantik dövrünün ən məşhur əsərlərindən biri olan "Sis dənizinin üzərindəki səyyah" Fridrixin peyzaj janrında işlədiyi ən incə xüsusiyyətləri özündə əks etdirən bir əsərdir.

Tablonun ön planında arxası tamaşaçıya dönük gənc bir şəxs görünür. Tünd yaşıl palto və şalvar geyinən, əlində gəzinti çubuğu olan bu gəncin qırmızı saçları küləkdə dalğalanır. Qayalıqların zirvəsində dayanaraq sonsuz və dumanlı mənzərəyə baxan bu obrazın Fridrixin özü olduğu düşünülür. Başqa bir şərhə görə isə bu obraz Saksoniya Piyada Dəstəsinin yüksək rütbəli zabitlərindən biri olan Fridrix Qotthard fon Brinkendir. Könüllü xüsusi qoşunların yaşıl formalarını geyinən bu albay Prussiya kralı tərəfindən Napoleonla mübarizə üçün yaradılan birliklərə də çağırılıb. Tablonun çəkildiyi dövrdə artıq vəfat edən Albay fon Brinkenin təsviri əsəri qəhrəmancasına xüsusiyyətlərə malik bir əsər kimi dəyərləndirməyə yol açıb.

Tablonun orta planında qalın sis arasından yüksələn təpələr, onların üzərindəki ağaclar və meşə parçaları görünür. Arxa planda isə soldakı uca dağ silsilələri sağ tərəfə doğru geniş düzənliklə əvəzlənir. Ön plandan arxaya doğru demək olar ki, hər yeri əhatə edən sis irəlidə buludlarla birləşərək əsərdə hakim bir ab-hava yaradır. Tablodakı dağlar Almaniyanın Saksoniya və Bohemiya bölgələrində yerləşən dağ silsiləsidir. Birbaşa müşahidə edilərək kağıza köçürülən bu dağlar sonradan Fridrixin studiyasında yenidən tərtib edilərək yeni bir kompozisiyaya uyğunlaşdırılıb.

Bu geniş mənzərə qarşısında təsvir olunan obraz düşüncələrə dalıb və sanki ruhani bir təcrübə yaşayırmış kimi heyranlıqla dayanır. Mənzərənin yaratdığı qeyri-müəyyənlik hissləri içində gələcəyi düşündüyü təsəvvür edilə bilər. Obrazın tamaşaçıya arxasını çevirənduruşu, əslində, onları uzaqlaşdırmaq məqsədi daşımır. Əksinə, bu şəkildə rəssam tamaşaçının obrazla eyni nöqtədən və eyni baxış bucağından mənzərəni izləməsinə şərait yaradır. Beləliklə, tamaşaçı obrazın gözü ilə dünyanı görür və onun şəxsi təcrübəsini bölüşür.

Almaniyanın təbiət gözəlliklərindən təsirlənmiş Fridrix, doğma yurdu Saksoniyanın təbiətini də bu tablodakı mənzərədə əks etdirib. Ümumiyyətlə, əsərlərində insan təsvirinə üstünlük verməyən rəssamın bu tablosunda "insan təbiəti"ni ön plana çəkməsi əsəri yaratdığı dövrdəki evliliyinin təsiri ilə oyanan insani duyğularını əsərə əks etdirmək istəyindən irəli gəlmiş ola bilər.

Fridrixin də daxil olduğu Romantik dövr 19-cu əsrin əvvəllərindən 20-ci əsrin əvvəllərinə qədər davam edən bir dövrdür. Romantik sənətkarlar insanın özünü ucaldaraq təbiətin bir hissəsi olduğunu və təbiətlə duyğulardakı ilahiliyi əsərlərində əks etdirməyə çalışıblar. Romantizmin ideallarına uyğun olaraq Fridrix də əsərlərində fərdilik, subyektivlik, ruhani duyğular və təbiət sevgisini əks etdirməyi seçib. Yeni və müasir ideallardan ibarət sənət cərəyanlarının yayılması ilə əsərlərinin dəyəri zamanla azalsa da, Sembolist və Surrealist rəssamlar uzun müddət onun əsərlərindən ilham alıblar.

Hazırladı: Talehə Hüseynzadə 

Paylaş
Şərh əlavə et