
Youth Music adlı xeyriyyə təşkilatının hazırladığı yeni hesabat, gənclər mərkəzlərinin bağlanması, psixi sağlamlıq problemlərinin artması və musiqi təhsilində çatışmazlıqlar kimi ciddi problemləri ortaya qoyur. Təşkilatın CEO-su Matt Griffiths, bu vəziyyəti “böhran” adlandıraraq, məsələnin təcili həllini vurğulayıb.
Spotify ilə əməkdaşlıq edən Youth Music, 2024-cü ildə 15 gənclər klubuna maliyyə dəstəyi verməyi planlaşdırır. Spotify-ın Qlobal Sosial Təsir rəhbəri Lauren Wurgraft, bu layihənin yalnız maliyyə deyil, həm də gənclərin hekayələrini geniş kütlələrə çatdırmaq məqsədi daşıdığını bildirib.
Spotify, layihəyə nə qədər maliyyə ayırdığını açıqlamasa da, Matt Griffiths bunun “altı rəqəmli məbləği” keçdiyini bildirib. Maliyyə dəstəyi bağlanmaq təhlükəsi ilə üzləşən gənclər mərkəzlərini qorumağa və musiqi ilə maraqlanan daha çox gəncə imkan yaratmağa yönələcək.
Hesabat, xüsusilə qızlar və Şimali İngiltərədə yaşayanlar üçün musiqi təhsili xərclərinin əhəmiyyətli maneələr yaratdığını göstərir. YMCA tərəfindən aparılan tədqiqata əsasən, 2011-ci ildən bəri İngiltərədəki gənclər mərkəzlərinin yarısı bağlanıb, Qalliyada isə bu göstərici 60%-ə çatıb.
Cənubi Londondan olan rapçi Still Shadey, gənclik illərində gənclər mərkəzlərinin onun həyatında mühüm rol oynadığını qeyd edib. O, bu mərkəzlərin gənclərə isti və dəstək verən bir mühit təqdim etdiyini, lakin son illərdə bu yerlərin bağlandığını bildirib. “Gənclər öyrənmək, inkişaf etmək və bir icmanın hissəsi olmaq istəyirlər”,- deyə əlavə edib.
Lauren Wurgraft isə gənclərin musiqi yaratmaq arzusu olsa da, bunu reallaşdırmaq üçün məkan və resursların məhdud olduğunu vurğulayıb.
Spotify-dan başqa, McDonald’s və Stormzy kimi digər şirkət və fərdlər də gənclər üçün imkanlar yaratmaq üçün addımlar atır. Stormzy-nin Merky FC layihəsi yüksək texnologiyalı mərkəzlər təklif edir, McDonald’s isə gəncləri dəstəkləyən seminarlara və proqramlara sponsorluq edir.
Matt Griffiths, uzunmüddətli hökumət dəstəyinin əhəmiyyətini vurğulayaraq, xüsusi maliyyə vəsaitlərinə həddən artıq etibar etmənin dayanıqlı olmadığını bildirib. O, gənclərə və musiqi sahəsinə yönəlik hökumət səylərinin artırılmasının vacibliyini qeyd edib.
Youth Music-in əsas məqsədi yalnız musiqi yaratmaq istəyən gənclərə dəstək olmaq deyil, həm də onların bu fəaliyyətlərdən maliyyə qazanc əldə edə biləcəyi imkanlar yaratmaqdır.
Mənbə: BBC
Tərcümə və redaktə: Fatimə Fərzəli
