Yuxu insanın fiziki və psixoloji sağlamlığı üçün hava və su qədər vacibdir. Sağlam və keyfiyyətli yuxu insanın məhsuldarlığını artırır, əhvalını yaxşılaşdırır və ümumi rifahını təmin edir. Amma nə qədər yatmalı olduğumuz hər birimiz üçün fərqli ola bilər. Bu məqalədə yuxunun əhəmiyyəti, yaş qruplarına görə ideal yuxu müddətləri və keyfiyyətli yuxunun sirləri haqqında danışacağıq.
Yuxu zamanı bədənimiz yalnız dincəlmir, həm də yenilənir. Gün ərzində yorulan beyin hüceyrələri yuxu zamanı bərpa olunur və yaddaş güclənir. Yuxu, həmçinin immun sistemini gücləndirir, bədən temperaturunu tənzimləyir və hormonal tarazlığı qoruyur. Yuxunun çatışmazlığı isə stress, depressiya və hətta ürək-damar xəstəliklərinə səbəb ola bilər.
Yuxu ehtiyacı yaşdan asılı olaraq dəyişir:
Körpələr (0-12 ay): Gündə 14-17 saat.
Uşaqlar (1-5 yaş): Gündə 10-14 saat.
Yeniyetmələr (14-17 yaş): Gündə 8-10 saat.
Gənclər və böyüklər (18-64 yaş): Gündə 7-9 saat.
Yaşlılar (65 yaş və yuxarı): Gündə 7-8 saat.
Müasir həyat tərzi, xüsusən də gənclər arasında sosial media istifadəsi və gecə saatlarına qədər davam edən fəaliyyətlər yuxu müddətini azaldır. Bu isə uzunmüddətli problemlərə yol aça bilər.
Keyfiyyətli yuxunun sirrləri:
Sadəcə yatmaq kifayət etmir; yuxunun keyfiyyəti də önəmlidir.
Rejim qurun: Hər gün eyni vaxtda yatıb oyanmaq bədənin daxili saatını tənzimləyir.
Mavi işıqdan uzaq durun: Yatmağınıza 1-2 saat qalmış ekranlardan uzaq durmaq melatonin səviyyəsini artırır və rahat yuxuya səbəb olur.
Yuxu mühitini optimallaşdırın: Qaranlıq və sakit otaq, rahat yataq keyfiyyətli yuxunun təminatıdır.
Qidalanmaya diqqət edin: Yatmazdan əvvəl ağır qidalar və kofein qəbul etməmək yuxunuza müsbət təsir edər.
Yuxunun az olması yaddaş zəifliyi, diqqət əskikliyi və zehni yorğunluğa səbəb olduğu kimi, artıq yuxu da sağlamlığa mənfi təsir göstərə bilər. Çox yatmaq depressiya riskini artırır və fiziki hərəkətsizliyə gətirib çıxarır.
Hər kəsin yuxu ehtiyacı fərqlidir, amma ən önəmlisi, bədəninizin ehtiyaclarına qulaq asmaqdır. Sağlam yuxu rejimi yaratmaq, həm həyat keyfiyyətinizi yüksəldəcək, həm də sizi daha enerjili və xoşbəxt edəcək. Unutmayın, sağlam həyat tərzinin əsas açarlarından biri yuxudur.
Mənbə: Ntv
Tərcümə etdi: Zeynəb Həsənova
