Bu gün:

Nə üçün çayların mənbəyini tapmaq çətindir?


Çaylar çoxlu kiçik axarların birləşməsindən əmələ gəlir. Bunlardan hansının çay mənbəyi olduğunu müəyyən etmək çox vaxt çətin olub.

Çaylar təbiət aləminin ən fərqli və gözəl hissələrindən birini təşkil edir. Onların başlanğıc nöqtəsi dağlardır. Yağış yağanda və qar əridikdə yığılan su dağlardan kiçik axınlar kimi axmağa başlayır. Bunlar öz yolları boyunca birləşərək daha böyük axınlar əmələ gətirir, onlar da öz növbəsində birləşərək çayları əmələ gətirirlər.

Başqa sözlə, Amazon və Nil kimi böyük çayların onlarla, hətta yüzlərlə başlanğıc nöqtələri var.  Lakin coğrafiyaçılar hər şeyi dəqiqləşdirmək istədikləri üçün həmin çayın əsl mənbəyini müəyyən etmək istəyiblər.

Coğrafiyaçılar və tədqiqatçılar ənənəvi olaraq çayın mənbəyini,  təpədən gəlib çaya ən çox su gətirən axın kimi təyin edirlər. Lakin bu axınların sürəti və özləri ilə gətirdikləri suyun miqdarı mövsümə görə dəyişir, bu da mənbəni dəqiq müəyyənləşdirməyi çətinləşdirir. Üstəlik, dəqiq bir nəticə əldə etmək üçün bu məlumatların bir neçə il ərzində toplanması tələb olunur. Bu da göstərib ki, çayın mənbəyi ilə bağlı əvvəlki təyinatlar səhv ola bilər.

Daha sonra, mövsümi dəyişikliklərdən təsirlənməyən ən uzaq mənbənin xüsusiyyətlərinə xüsusi diqqət yetirildi. Yəni, onlar axan suyun miqdarına deyil, çayın əsas hissəsinə çatana qədər nə qədər məsafə qət etdiyinə baxırdılar. Bu müxtəlif təriflər və meyarlara görə, bəzi böyük çayların mənbələri bu gün də mübahisəli olaraq qalıb və ya hələ də məlum deyil.

Mənbə: BBC
Tərcümə etdi: Fatimə Hüseynova

Paylaş
Şərh əlavə et