
Hava səyahətləri həyatımızın vacib bir hissəsinə çevrilib, lakin beynimiz və bədənimiz hələ də bu səyahətdən mənfi təsirlənir.
Londonun "Gatwick" hava limanında aparılan araşdırmaya görə kişilərin 15 faizi, qadınların isə 6 faizi təyyarədə film izləyərkən daha çox ağladığını bildirib.
Bunun səbəbləri ilə bağlı müxtəlif nəzəriyyələr var: insanların sevdiklərini geridə qoyması, səyahət həyəcanı, həsrət və s. Sərnişinlərin emosiyalara görə daha asan ağladığı bildirilir. Ancaq uçuşun buna səbəb olduğu barədə də məlumatlar var.
Araşdırmalar göstərir ki, metal boruda yerdən 10 km yüksəklikdə səyahət etmək beynimizə, əhvalımıza və hisslərimizə təsir edir.
Qanda oksigenin azalması
Təyyarədə hava təzyiqi 2,4 km hündürlükdə dağın təpəsindəki kimidir. Hava təzyiqinin aşağı olması səbəbindən qanda oksigen səviyyəsi 6-25 faiz azalır. Qanda oksigenin azalmasına hipoksiya deyilir. Belə bir vəziyyətdə xəstəxanada oksigen əlavəsi verilir. Bu vəziyyət sağlam insanlarda çox problem yaratmasa da, yaşlılara və tənəffüs problemi olanlara mənfi təsir göstərir.
Oksigenin tükənməsi insanın aydın düşünmə qabiliyyətinə təsir edir. Oksigen səviyyəsi 3,6 km yüksəklikdə daha da aşağı düşdüyündən yaddaş, hesablama və qərar vermə qabiliyyətləri hətta sağlam fərdlərdə də mənfi təsir göstərir. Bu səbəbdən 3,8 km yüksəklikdə pilotların oksigen maskası taxması məcburidir.
Bundan əlavə, aşağı təzyiq və quru hava dad hissiyyatımıza mənfi təsir göstərir. Şirin və duzlu dadları aşkar edən sensorların həssaslığı 30 faiz azalır.
Eyni səbəbdən qoxu hissi azaldığından yemək daha dadsız olur. Bu səbəbdən təyyarə yeməklərinə əlavə duz və ədviyyatlar əlavə edilir.
Quru dəri
Quru havaya görə dəri 37 faizə qədər quruya bilər, bu səbəbdən təyyarədə qaşınırsınız.
Aşağı təzyiq və quru hava alkoqolun təsirini daha da artırır və ertəsi gün “asma” hiss olunur.
Təyyarəyə minməyə əsəbi olanlar hipoksiyaya görə daha çox panikaya düşə bilərlər.
Əhval dəyişikliyi
Bu, insanların təyyarədə filmlərə baxarkən daha asan ağlamasının bir səbəbidir. Bəzi tədqiqatlar göstərir ki, bədəndə susuzlaşma da əhval dəyişikliyinə səbəb ola bilər.
Yüksək uçmağın insanları daha xoşbəxt hiss etdirdiyini iddia edənlər də var. Deyirlər ki, uçmaqdan bezmək, ekran və qulaqcıqla öz dünyanıza batmaq, dincəlmək də göz yaşlarına səbəb ola bilər.
Köln Universitetində Hinkelbein tərəfindən aparılan yeni araşdırmaya görə, təyyarədə 30 dəqiqə qalmaq belə qanda immun sistemi ilə əlaqəli molekulların tarazlığını dəyişir. Başqa sözlə, aşağı hava təzyiqi immunitet sisteminin fəaliyyətində dəyişikliklərə səbəb ola bilər.
Mənbə: BBC
Tərcümə etdi: Fatimə Hüseynova
