Son illərdə sosial medianın psixoloji sağlamlığa təsiri ilə bağlı çoxsaylı araşdırmalar aparılıb və platformaların depressiya, narahatlıq və diqqəti yayındırmaq kimi mənfi təsirlər yaratdığına dair məlumatlar əldə edilib. 
Bununla belə, Avstraliyanın Curtin Universitetinin yeni araşdırması, məşhur inancın əksinə olaraq, sosial medianın psixoloji sağlamlığa o qədər də böyük təsir göstərmədiyini bildirib. Sosial media istifadəsinin psixoloji sağlamlığa təsiri gözləniləndən fərqlidir.
Bu günə qədər aparılan bir çox araşdırma sosial mediadan istifadənin insanların diqqətini cəmləşdirməyinə, beyin inkişafına və depressiyaya mənfi təsir göstərdiyini iddia edib. Buna baxmayaraq, Curtin Universitetinin alimləri sosial mediadan istifadənin psixoloji sağlamlığa təsirini obyektiv şəkildə araşdırıblar. Tədqiqata qatılan 425 nəfər TikTok, Instagram, Facebook, Snapchat və X (keçmiş Twitter) kimi sosial media platformalarında keçirdikləri vaxtla narahatlıq, depressiya, stress və diqqət kimi psixoloji vəziyyətləri arasındakı əlaqəni araşdıran testlərə məruz qalıb. Araşdırmanın ən təəccüblü nəticələrindən biri sosial mediadan istifadə müddəti ilə depressiya və stress arasında əhəmiyyətli bir əlaqənin olmaması olub. Bundan əlavə, sosial mediada sərf olunan vaxt və narahatlıq arasında yalnız zəif əlaqə müşahidə edilib. Bu, sosial medianın psixoloji sağlamlığa düşündüyümüz qədər böyük təsir etmədiyini göstərib.
Sosial media platformaları düzgün istifadə edildikdə bəzi insanlar üçün faydalı ola bilsə də, həddindən artıq və zərərli istifadə psixoloji problemlərə səbəb ola bilər. Buna görə də, sosial media ilə qarşılıqlı əlaqə qurmağın sağlam yollarını tapmaq fərdlərin psixi sağlamlığı üçün daha vacib ola bilər.
Mənbə: Fikrimucit
Tərcümə etdi: Səidə Əsədli
