İnsanların çoxu ağır fəlakətlərlə və həyati təhlükə doğuran məqamlarla qarşılaşanda onları xilas edən, hərəkətə ruhlandıran bir səs eşitdiyini, bir varlıq gördüyünü deyir. "Üçüncü adam sindromu" qısaca belə izah tapır. Bəs, əslində, bu sindrom nəyin vastisəsi ilə baş verir, elmdə açıqlaması nədir?
Allthatsinteresting in məlumatına görə, 11 sentyabr 2001-ci ildə Ron Di Fransisko öləcəyini düşünüb. Dünya Ticarət Mərkəzinin Cənub Qülləsində qapalı qalan Ron tüstüdən və alovdan xilas olmaq üçün əvvəlcə başqalarının ardınca yuxarı qalxıb, sonra isə dönüb aşağı enmək qərarına gəlib. Yolu alov bürümüş olduğundan Di Fransisko həyacanlanıb və yıxılıb. Birdən o, qaranlıqda onu “ayağa qalxmağa” və alovun arasından getməyə təşviq edən bir səs eşidib.
Özü bunu bilməsə də, Di Fransisko həmin anda “üçüncü adam sindromu” yaşayıb, bu sindrom onu ölümdən xilas edib.
Bu cür çoxlu hadisə olsa da, ən məşhurlarından biri də Ernest Şakletonun hekayəsidir.
1916-cı ilin mayında Antarktida kəşfiyyatçısı Ernest Şakleton qeyri-mümkün görünən bir missiyaya çıxıb. “Endurance” gəmisini buzda itirən və ekipajının əsas hissəsini Fil adasında tərk edən Ernest digər iki nəfərlə birlikdə Stromnessdəki balina ovlama stansiyasında kömək axtarmaq üçün yola düşüb. Şakleton daha sonra etiraf edib ki, dağlar arasında gedən çətin macəra zamanı onlara rəhbərlik edən “dördüncü” bir şəxs olduğunu hiss edib. Sözü gedən "4-cü şəxs" əslində, Ernest və yoldaşlarının keçirdiyi "üçüncü şəxs sindromu" olub.
Ümumilikdə baxmaq lazım gələrsə, bu sindrom insanlara ektremal vəziyyətlərdə canlarını qurtarmaq üçün bir açar rolunu oynayır. İnsanlar həyatda qalmaq üçün təlimatlanmış varlıqlar olduğundan belə bir daxili reaksiyanın meydana çıxması heç də təəccüblü görünmür.
Elmə görə bu beynin bir illüziyasıdır. Psixologiyaya görə belə hallar mənəvi dəstəyə ac olan insanların başına daha tez-tez gəlir, yəni mənəvi ehtiyacdan doğan hallardır. Lakin nə kimi açıqlanırsa, açıqlansın bu hal insanı canlı tutan, ölüm-qalım savaşında dəstək olan bir siqnaldır.
Hazırladı: Səidə Abasova